60-a yaxın xırdabuynuzlu heyvan oğurlayan dəstə saxlanıldı – Cəlilabadda

Cəlilabad rayon Polis şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qışlaqdan yaylağa aparılan sürüdən xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

İyunun 8-də Cəlilabad RPŞ-yə rayon ərazisində Lerik kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus 56 baş qoyun və 3 baş keçinin oğurlanması ilə bağlı müraciət daxil olub. Polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 11500 manat olan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onların Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri Ruhid Paşayev, Sarəddin Həsənov, Murad Abdullayev, Taleh Fərzəliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin oğurluğu heyvanların qışlaqdan yaylağa aparıldığı müddətdə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçdiyi vaxt törətdikləri məlum olub. Oğurlanmış heyvanlar saxlanılan şəxslərdən müəyyən edilərək sahiblərinə təhvil verilib.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.