“60 yaşında qocanın sevgidən şeir yazması düzgün deyil” – Gənc yazar

Gənc yazar, şair Ələsgər Əhmədin “Bir ovuc suda” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə gənc şairin qələm dostları ilə yanaşı, tanınmış yazarlar və ictimai xadimlər də iştirak ediblər.

Müəllif sonda oxucular üçün kitablarını imzalayaraq ilk təəssüratlarını Yenicag.az saytı ilə bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

– İlk növbədə kitabınız haqqında qısa məlumat verərdiniz. Nəyə görə adı məhz “Bir ovuc suda” adlanır?

– Kitab haqqında ətraflı danışmaq istərdim. Əvvəlcə onu deyim ki, kitabın belə adlanmasının səbəbi mənim ən yaxın dostum Məlik Cahanın gənc yaşda özünü dənizə ataraq intihar etməsi olub. Ona görə də ilk şeirlər kitabımı məhz onun əziz xatirəsinə ithaf eləmişəm. Onun intiharından sonra “Bir ovuc suda” adlı şeir yazdım. Burada bütün hisslərimi, fikirlərimi verməyə çalışdım. Ancaq oxuduqda gördüm ki elə bil içində nəsə çatmır. Ona görə də təzədən başladım yazmağa ki, sırf Məlik Cahana aid olsun. Bayaq da dedim ki, kim necə istəyir anlasın, bu, mənim öz içimdən gələn bir şeydir. İttihamlar vicdan məsələsidir. Kitabım haqqında isə ön sözündə də yazmışam ki bu kitabı 7-dən 77-yə hər kəs oxuya bilər. Məsələn, bir dilənçi olub qəpik dilənən adam 5 gün sonra xəzinədar ola bilər. Yəni kateqoriyaya ayırmaq, məncə, düzgün deyil.

– Kitabınızda müxtəlif mövzulara yer vermisiniz, yoxsa sırf dostunuzla bağlı şeirlərdir?

– Əlbəttə ki, təkcə bir mövzuya deyil, bir neçə mövzu ilə əlaqədar olan nüanslara toxunulub. Bir mövzuda yazsam, mən tükənərəm ki… Bir də kiməsə söz atmaq olmasın, plagiat mövzular yoxdur mənim kitabımda.

– Yenilikçi poeziyaya qarşı münasibətiniz necədir? Deyilənə görə, keçmiş poeziya nümayəndələrini çox tənqid edirsiniz. Bunun səbəbi nədir?

– Özüm də yenilikçi olduğuma görə yeni poeziyanı bəyənirəm. Ancaq bilirsinizmi, 60 yaşında olan qoca bir dayının 18 yaşında sevgisindən şeir yazması, məncə, düzgün deyil. Mən buna qarşıyam. Sənin 18 yaşında 5 dənə nəvən var. Sırf belə bir poeziyaya qarşıyam, çünki çox köhnəlib və insanlarda indi məhz onun arzusundadır. İntellektual mətn üzərində işləsələr, daha yaxşı olar. Yoxsa yarla görüşdük, qəmləndik, darıxdıq – bunlar axı qlobal problemlər deyil… Sənin darıxmağın mənim üçün önəmli deyil, darıx da(gülür). Ondansa şeirdə maraqlı bir məqama toxun: sən darıxanda iki ölkə uzaqda bir bomba partlayır və s.

– Yaradıcılığınızı digərlərindən nə ilə fərqləndirirsiniz?

– Plagiatın olmaması ilə. Bu dəqiqə oturub kiminsə şeirini oxusalar, yüz faiz biləcəm ki, ondan qabaq kiminsə yazdığı şeirdir.

– Bir ara sosial şəbəkələrdə rezonans doğuran “Hər yer ədəbiyyat” adlı həştəgi altında müxtəlif statuslar, videolar paylaşan gənclərdən biri də siz idiniz. Bəs indi necə, davam edirmi həmin kampaniyanız?

– Deyirlər, ən gözəl aşklar nifrətlə başlar. Ancaq bizdə məhəbbətlə, yüksək həvəs və şövq ilə başlasa da, intriqalar və tənqidlər çox olduğu üçün təəssüf ki davam edə bilmədi…

– Azərbaycan Ədəbi Mühitində gələcəkdə özünüzü harada görürsünüz?

– Mən bu mühitdə özümü görə bilmirəm. Mübarizədir, intriqadır gedir, ancaq çox şəxsiyyətsiz gedir. Bayaq da qeyd etdim ki mübarizədə qalib olmaq istəsən, gərək birinci şəxsiyyətin olsun.

– Gənc Ədiblər Məktəbi haqqında fikirləriniz və gənc ədiblərdən özünüzə kimi rəqib görürsünüz?

– Özüm hal-hazırda gənc ədiblərdənəm. Gənc ikinci nəsil, ikinci dalğada, 2010-dan sonra gələnlərik. Mən nəsrdən danışmıram, ümumiyyətlə poeziyada özümə heç kimi rəqib görmürəm!

Tahirə Nur