!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın yeni reallıqda Ermənistana diqtə etdiyi ŞƏRTLƏR: İrəvanın onları yerinə yetirməkdən başqa yolu yoxdur - TƏHLİL

!Reklam – Yazi

44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionda mühüm geostrateji reallıqlar yaratmağa nail olub.

Hər kəsə məlumdur ki, 1988-ci ildən başlayan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları, təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın laqeyd sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon – Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məntəqəsi, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs ibadət yerləri, qəbiristanlıqlar yerlə yeksan edilərək erməni vandalizminə məruz qaldı.

Münaqişənin ilk illərində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında əbədi qara ləkə kimi qalacaq tarixi cinayətlərdir. Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bunlarla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən, müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir.

Konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan Silahlı Qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl atmışlar. “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli konvensiyasında nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır. Xocalının zəbt olunması zamanı dinc azərbaycanlı sakinlərə qarşı ağlasığmaz vəhşilik törədənlər və Cenevrə Konvensiyasının, “İnsan hüquqları haqqında ümumi bəyannamənin” 2, 3, 5, 9 və 17-ci maddələrinin, “Hərbi münaqişələr və fövqəladə hallar zamanı qadın və uşaqların müdafiəsi haqqında” Konvensiyanın, “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tələblərini kobud surətdə pozanlar indiyədək cəzalandırılmayıblar. Cəzasızlıq mühiti isə yeni cinayətlər üçün əsas yaratmaqdadır.

Artıq dünya ictimaiyyəti də həqiqətin nədən ibarət olduğunu çox yaxşı başa düşür. İslam Konfransı Təşkilatının (İKT) Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi xüsusi qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “İnsanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir. 51 ölkənin qəbul etdiyi qətnamədə Xocalı soyqırımına “erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Ümumilikdə, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktları törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Ermənistan işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib və onlar tərəfindən bu dövrdə 70-ə yaxın məscid məhv edilib. Bütövlükdə isə işğal altında olunmuş ərazilərimiz 30 il ərzində tamamilə viran qoyulub.

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında 30 illik işğal dövründə təbiətimizə çox böyük ziyan vurulduğunu, 60 min hektara yaxın meşənin qırıldığını, qızıl yataqları və digər təbii ehtiyatların da qanunsuz istismar edildiyini xatırladıb. Düşmən bütün bu barbar əməllərindən kifayətlənməyərək uzun bir dövrdə tapdaq altında saxladığı Azərbaycan ərazilərindən narkotrafik üçün istifadə edib. Ölkəmizin İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qaldığından Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya iri həcmdə narkotik daşınıb. Ermənistanın digər hərbi cinayəti isə ərazilərimizin minalanmasıdır. 44 günlük müharibədən sonra 150-dən çox vətəndaşımız minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən hələ də imtina edir.

Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi isə təxminən 25 faizdir. Əslində, belə bir hərəkət qarşı tərəfin faşist xislətinin ifadəsidir. Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərin böyük bir qismini minalaması işğalçı dövlətin militarist siyasətinin miqyas və mahiyyətindən xəbər verir. Bütün dünya Azərbaycanın necə bir vəhşi toplumla üz-üzə qaldığını tam ciddiliyi ilə görür. Ermənistan törətdiyi bütün cinayətlərə görə günahını etiraf etmək əvəzinə, Azərbaycana qarşı şər atmaqla, əsassız ittihamlarla çıxış etməklə məşğul olur. Bütün bunlar onu göstərir ki, ermənilər öz xislətindən əl çəkməyəcək və yalanlarını davam etdirəcəklər. Bu baxımdan, Azərbaycan tərəfi beynəlxalq elmi müstəvidə daha çox işlər görməlidir. Məhz bu istiqamət üzrə Azərbaycan dövləti Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində sistemli tədbirlər həyata keçirir.

Dövlət başçısı İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, həmçinin xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Azərbaycan tərəfi erməni cinayətlərinin dünyaya tanıdılması ilə bağlı müxtəlif platformalarda, beynəlxalq qurumlarda və təşkilatlarda, aparıcı dövlətlərlə ikitərəfli münasibətlərdə, o cümlədən rəsmi Bakının əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatlarda, ölkəmizin sədrlik etdiyi beynəlxalq qurumlarda vacib iş aparmaqdadır. Belə ki, erməni işğalının ifşa edilməsi, eləcə də Ermənistanın yanında yer alan ölkələrə əsl həqiqətlərin nədən ibarət olduğunun aşılanması xarici siyasətimizin prioritetinə çevrilib. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanına qarşı törətdiyi müharibə cinayətlərilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün Ədliyyə Nazirliyi tərəfindən 70-ə yaxın dövlətin ədliyyə orqanlarına, çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Müraciətlərdə işğal dönəmində 1 milyona yaxın insanın öz dədə-baba yurdundan didərgin salındığı, erməni terrorçularının törətdiyi qeyri-insani əməllər, xüsusilə, Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Cenevrə Konvensiyasının müddəalarını kobudcasına pozması dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Ermənistanın siyasi və hərbi rəhbərliyi artıq dərk etməyə başlayıb ki, 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlarda Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmaq məcburiyyətindədir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

10282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv