600 kəndi birləşdirəcək yeni yol çəkiləcək – VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

Agentliyin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, iclas iştirakçıları öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra agentliyin akt zalında keçirilən iclasda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələrin həyata keçirildiyini və bu sahədə bir sıra nailiyyətlərin əldə edildiyini qeyd edib.

O, ölkə başçısının sədrliyi ilə 2018-ci ilin yanvarın 10-da keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, Prezident İlham Əliyevin 2018-ci ildə agentlik qarşısında ən azı 600 kəndi birləşdirəcək 2000 kilometrdən çox avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyduğunu xatırladıb.

Saleh Məmmədov qeyd edib ki, Prezidentin tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən uzunluğu 452.1 kilometr olan respublika əhəmiyyətli 12, Bakı şəhəri üzrə uzunluğu 107,8 kilometr olan 13 və uzunluğu 1534.9 kilometr olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması nəzərdə tutulur. Bu isə 702 yaşayış məntəqəsində yaşayan 2.7 milyon nəfər əhalinin 2050 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə etməsinə imkan verməkdir.

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, 2018-ci ilin 9 ayı ərzində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, respublikanın 23 rayonunda 54 layihə, o cümlədən 12 respublika əhəmiyyətli, 37 kəndlərarası, Bakı şəhərinin 2 qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayıt şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Hesabat dövründə respublikamızın ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 9 körpü də təmir edilib. Bundan əlavə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanılıb.

İdarə Heyətinin sədri Saleh Məmmədov əlavə edib ki, bu layihələrin həyata keçirilməsi, 834 min nəfər əhalinin yaşadığı 494 yaşayış məntəqəsini əhatə edərək, onların 1223 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə etməsinə imkan verib.

İclasda Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol infrastrukturunun inkişafında xidmətlərinə görə təltif olunmuş şəxslərə fəxri ad, orden və medallar təqdim olunub.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir qrup əməkdaşına agentlikdə uzunmüddətli, səmərəli əmək fəaliyyəti nəzərə alınaraq dövlət başçısının Fərmanı ilə təsis edilmiş “Azərbaycan avtomobil yolları–100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, həmçinin fəxri diplom və mükafatlar təqdim edilib.

COP29