“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan Yenicag.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində cari ilin 5 ayı ərzində 4 157 monitorinq keçirilib. Monitorinqlər zamanı 629 heyvan kəsimi məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 72-sində isə qanunsuz olaraq quraşdırılmış qurğular (onlardan 43-ü təkrar quraşdırılmış qurğulardır) sökülüb.
Bundan başqa, monitorinqlər zamanı sahibkarlar tərəfindən 135 halda ətlərin soyuducuda (onlardan 51-ində soyuducu yoxdur) saxlanılmadığı, 362 halda isə baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib.
AQTA heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.
Vətəndaşlardan bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştirak etmək, bu cür qanunsuz fəaliyyət göstərən və qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı müvafiq qurumlara və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.