Azərbaycanda müxtəlif qiymətə mobil nömrələr satılır.
Bu nömrələrin qiyməti 5 manatadan başlayaraq 20000, 30000, hətta 50000 manata qədər qədər dəyişir.
Bahalı nömrələrin satışı ilə bağlı məlumatlara isə həm nömrə satış mərkəzlərində, həm də müxtəlif elan saytlarında tez-tez rast gəlmək olur.
Satıcılar bu qiymətləri onların müəyyənləşdirmədiyini bildirir, bahalığını isə rəqəmlərin uyğunluğuna görə olduğunu deyir. “Belə nömrələri alan varmı” sualına isə cavab olaraq tez-tez olmasa da müəyyən vaxtlarda satdıqlarını bildirirlər.
Bəs bu nömrələr niyə baha satılır?
Valyuta.az məsələni iqtisadçı Xalid Kərimli ilə müzakirə edib.
Xalid Kərimli bildirib ki, satışda olan belə nömrələrin qiymətinin tənzimlənməsi yoxdur, olmalı da deyil.
“Satışda hər qiymətə nömrə ola bilər. Yəni, 3 manata, 5 manata da, belə bahalı nömrələr varsa bu normaldır”.
Həmsöhbətimiz vurğulayıb ki, nömrələrin baha satılma səbəblərindən biri həm də alıcılarının olması ilə bağlıdır:
“Tələbat var, olmasa nömrələr də bu qiymətə satıla bilməz. Satıcı bu tələbatı bilir, bundan da faydalanmağa çalışır. Bəzi insanlar nömrələrinin xüsusi rəqəmlərdən ibarət olmasına xüsusi əhəmiyyət verirlər və pulları da var. Ona görə də belə nömrələri almağa üstünlük verirlər. Bu isə normal bazar prosesləridir.”