“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati protokol tərtib edilib.
Yenicag.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, ASC İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozma) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Yanvarın 22-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçiriləcək.
339.1-ci maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Azərbaycan Sənaye Korporasiyası” ASC 2017-ci ildə yaradılıb.