Zərdab rayon Lələağacı kənd sakini Aytən Şirin qızı Şirinova bu ilki qəbul imtahanında heç bir hazırlığa getmədən 662 bal toplayıb. O, BDU-nin hüquq fakultəsində təhsil almaq istəyir, amma ailəsinin bunun üçün lazım olan xərcləri qarşılamağa gücü çatmır. Bəs bu istedadlı qızın taleyi necə olacaq?
Yenicag.az A. Şirinovanın ailəsi ilə əlaqə saxlayıb. Anası Kəmalə Şirinova qızı ilə qürur duyduğunu deyib:
“Qızım müəllim yanına getməyib, öz biliyi sayəsində bu balı toplayıb. Biz ailəlikcə ona inanırdıq, bilirdik ki, savadlı qızdır. Hələ ki, seçim edir, ayın 10-dan sonra hansı ali məktəbə qəbul olunacağı bilinəcək. Özü isə hüquqşünas olmaq arzusundadır. Amma nə gizlədək, onun Bakıda oxuması üçün maddi imkan lazımdır, o da bizdə yoxdur. Çünki atası xəstədir, müalicə olunur, təqaüd alır. Heç birimiz ali təhsilli deyilik, sadə kənd adamlarıyıq. Heç yerdə işləmirik. Mən əkin-biçinlə məşğulam”.
K. Şirinovanın sözlərinə görə, qızı ilə bağlı xəbər internetdə yayılandan sonra bir çox insanlar yardım əlini uzadıb:
“İnternetdə xəbər yayılandan sonra bizimlə maraqlananlar çox oldu. Bir çox adamlar qızımın Bakıda təhsil alacağı müddətdə maddi xərclərini ödəyəcəklərini deyir, kömək etmək istəyirlər. Amma biz bunu qəbul edə bilmərik. Çünki qız uşağıdır, indiki vaxtda heç kimə inanmaq olmur. Çox istərdik ki, bu xərclər dövlət tərəfindən ödənilsin. Qızım buna görə çox utanır. O hətta fotosunun bu məsələ ilə bağlı yayılmasına görə də narahatdır”.
Onu da öyrəndik ki, ailənin iki övladı var, böyük bacı Gəncədə təhsil alır.
Cəvahir