Çindən gələn yeddi nəfər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı,1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Onların heç bir şikayəti yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.
Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da müraciət edən zaman hərarəti normal olub. Heç bir şikayəti yoxdur. Onlardan analizlər götürülüb, müayinə olunacaq.
Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı xəstələrlə ünsiyyətdə olmadığını deyib. Heç bir şikayəti olmayıb.
Müraciət edənlərdən daha biri isə Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Həkimlər onun da hərarətinin normal olduğunu və hazırda səhhətində problem olmadığını qeyd ediblər.
Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) isə həkim müayinəsindən keçiriləcək. Müraciət zamanı onun da hərarətinin normal, şikayətinin isə olmadığı bildirilib.
Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.
Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.