“İşğaldan azad edilmiş torpaqlarımız ölkənin əsas ərazisi ilə bütövləşərək ümumi inkişaf tempinə qoşulub”.
Bu fikirləri Azərbaycanda sabah keçiriləcək növbədənkənar prezident seçkilərinin tarixi əhəmiyyəti haqda danışan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 7 fevral seçkiləri Azərbaycanın ən yeni tarixinin çox mühüm səhifələrindən biridir:
“Bu seçkilərlə bağlı dəyərləndirmə apardıqda, əlbəttə, ilk növbədə prosesin Azərbaycanın bütün ərazisini əhatə ettməsi xüsusi qeyd olunmalıdır. Dəfələrlə vurğulandığı kimi, təqribən 30 il davam etmiş işğal dönəmində həmin bölgələrimiz digər fəaliyyətlərlə yanaşı, seçki prosesindən də kənarda qalmışdı.
Ancaq 44 günlük Vətən müharibəsi və lokal antoterror tədbirləri sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyə nail oldu. Bununla da işğaldan azad edilmiş torpaqlarımız ölkənin əsas ərazisi ilə bütövləşərək ümumi inkişaf tempinə qoşuldu.
Sözsüz ki, 7 fevral seçkiləri ən yeni tariximizdə çox mühüm yer tutan siyasi kampaniyadır. Bu seçkilər müstəqillik dönəmində ilk dəfə ölkənin bütün ərazilərini əhatə edəcək, vətəndaşlarımız artıq başqa bölgələrdə deyil, məhz Xankəndidə, Şuşada, Ağdamda yaradılmış seçki məntəqələrində səs verəcəklər. O baxımdan, bu, həqiqətən, misilsiz bir hadisədir və şübhə yoxdur ki, proses yüksək səviyyədə yekunllaşacaq.
Diqqət etmisinizsə, mediada, o cümlədən, sosial şəbəkələrdən seçkilərdən sonra ölkədə yeni mərhələnin başlayacağına dair müxtəlif rəylərlə qarşılaşırıq. Mən də hesab edirəm ki, 7 fevral seçkiləri Azərbaycanda yeni mərhələyə effektli keçidi və ümumi sürətli inkişafı təmin edəcək”.
Nəsimi Ələsgərli