7 il axtarışda olan qadın yaxalanıb

imagesBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Almaz Həsənovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, insan alveri ilə məşğul olmaqda təqsirləndirilən Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Həsənova Almaz Sarı qızı oktyabr ayında Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay əmirliyində saxlanılıb və daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilib.

İdarənin məlumatına əsasən, A.Həsənova BƏƏ-də cinayətkar qrupa başçılıq edib. O, təkcə qadınları fahişəliyə cəlb etmə fəaliyyəti ilə məşğul olmayıb, tabeliyindəki fahişələri ərəb müştərilərindən oğurluq etməyə də məcbur edirmiş.

Bildirilir ki, 48 yaşlı A.Həsənova azərbaycanlı qadınları aldadaraq BƏƏ-yə aparıb, sonra onları cinsi istismara məruz qoyub. Daha sonra isə o, qurbanlarını digər qadınları bu işə cəlb etməyə məcbur edib.

Məlumata görə, A. Həsənova 7 il İnterpol xətti ilə axtarışda olub.

(apa.az)