Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“70 nəfərin qarşısında Xudu Məmmədovun başını kəsdim” Bunu deyən Zərdüşt Əlizadəyə Nemət Pənahlıdan inanılmaz dəstək

Reklam: High Technic

Zərdüşt Əlizadə: “Əgər tədbirdə olsaydı, onun idbar sifətini görüb bilərdim ki, oradadır”

Nemət Pənahlı: “Zərdüşt Əlizadənin Xudu Məmmədovun ölümündə heç bir rolu, təsiri olmayıb”

Yenicag.az xəbər verir ki, mərhum professor, dünya şöhrətli alim Xudu Məmmədovun ölüm səbəbləri ətrafında yenidən kəskin mübahisələr başlayıb.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı kulis.az-ın “İşdən kənar” layihəsinə müsahibəsində Xudu Məmmədovun ölümündə Zərdüşt Əlizadəni günahlandırıb:

“Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi.

Xudu Məmmədov orada Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.

Bu məsələ artıq bir neçə dəfə gündəmə gətirildiyi üçün Xudu Məmmədovun ölümündə adı hallanan Zərdüşt Əlizadə ilə əlaqə saxladıq. Yenicag.az-a bu barədə açıqlama verən Əlizadə ilkin olaraq, kinayə ilə danışdı:

Zərdüşt Əlizadə

“Mən başa düşmürəm, kiminsə dediyi cəfəngiyyat niyə bu qədər ciddi qarşılanıb? Artıq dördüncü jurnalistsiz ki, bununla bağlı zəng etmisiz. Hamı da soruşur, doğrudanmı, Xudu Məmmədovu siz öldürmüsüz? Nə cavab verim? Bəli, mən öldürmüşəm.

1988-ci il, oktyabrın 13-də, Üzeyir Hacıbəyovun Ev-Muzeyində yetmiş nəfərin gözü qarşısında xəncəri çıxarıb Xudu Məmmədovun başını kəsdim, qaldırdım hamıya göstərdim. Bunu mən eləmişəm.

Ondan sonra milis gəldi məni həbs eləsin. Cibimdən vəsiqəni çıxarıb göstərdim ki, mən “KQB” agentiyəm, arayışı yazıb və imzalayıb Nemət Pənahlı. Bundan sonra milislər mənə “çest” verərək, çıxıb getdilər.

Bu dediklərimi yaza bilərsiz? Bu, mənim miskin adamlara cavabımdır”.

Əlizadə daha sonra onu ittiham edən Fəzail Ağamalının ünvanına sərt ifadələr işlədib:

“Orada olmayıb, görməyib, xəbəri yoxdur… Əgər tədbirdə olsaydı, onun idbar sifətini görüb bilərdim ki, oradadı. İsa Qəmbər, Nemət Pənahlı, Fərhad Bədəlbəyli, rejissor Eldar Quliyev və başqaları orada idilər. Onlara zəng edib soruşun da…

Axı o adam kimdir ki, məndən onun sözlərinə şərh verməyimi istəyirsiz? Azərbaycanın son otuz illik tarixində o adamın rolunun nədən ibarət olduğu hamıya bəllidir də… Nə ilə məşğuldur, hansı çörəyi yeyir, hamı bilir də… Bunu bilə-bilə niyə mənə onun haqqında sual verirsiz? Əsəbləşirəm, iyrənirəm ondan. Sağ olun”.

Zərdüşt Əlizadənin həmin tədbirdə iştirak etdiyini vurğuladığı Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı isə mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında çox maraqlı məqamlara toxundu. Pənahlı bildirdi ki, Xudu Məmmədovun ölümündə Zərdüşt Əlizadənin günahlandırılması əsassızdır:

Nemət Pənahlı

“Əvvəla, deyim ki, mənim Zərdüşt Əlizadə ilə heç vaxt müsbət mənada münasibətim olmayıb. Ömrüm boyu hətta düşmənə də böhtan atılmasını şərəfsizlik saymışam. Rəhmətlik Xudu müəllim mənim qollarımda keçinib. Yəni Zərdüşt Əlizadənin Xudu Məmmədovun ölümündə heç bir rolu, təsiri olmayıb.

Xudu Məmmədovun ölümünə səbəb olan məqama toxunmaq istəyirəm. O zaman hökumət “Qayğı” cəmiyyəti yaratmışdı. Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və İmam Mustafayev də o təşkilata rəhbər təyin olunmuşdular. O zaman artıq milli-azadlıq hərəkatı başlayırdı və söhbət gedirdi ki, fəaliyyət göstərmək üçün bir büdcə yaradılsın, yəni bunsuz mümkün deyil. “Çənlibel” və digər təşkilatlar da bu təşəbbüsü dəstəkləyirdilər.

O zaman dövlət bundan istifadə edərək, “Qayğı” cəmiyyətini yaratdı. Mən o zaman dedim ki, bu, “KQB”nin təxribatıdır, hökumət xalqı aldadaraq, o təşkilata yığılan pulları dövlət büdcəsinə keçirəcək, o vəsaitlərdən istifadə etmək mümkün olmayacaq. Əbülfəz bəylə mənim ilk mübahisəm də bu məsələyə görə düşdü.

Bununla əlaqədar Xudu müəllimlə də, Bəxtiyar müəllimlə də söhbətlərimiz olmuşdu. Onlara dedim ki, dövlət sizin adınızdan, nüfuzunuzdan istifadə edir və millətin təşkilatlanmasının qarşısını alır. Dediyimiz kimi də oldu. Sonradan Azərbaycana bu qədər qaçqın gəldi, amma onlara yardım üçün “Qayğı” cəmiyyətinin hesabından bir manat da çıxara bilmədik.

Xudu müəllim də bunları görərək, “Qayğı” cəmiyyətinin iclasında əsəbiləşmişdi. Xudu müəllimlə həddindən artıq yaxın münasibətimiz vardı. Üzeyir Hacıbəyovun Ev-Muzeyindəki tədbirdən əvvəl Xudu müəllimlə görüşdük, bir saat söhbət elədik. Mənə dedi ki, bəy, sən düz deyirmişsən, biz aldadıldıq, bizim adımızla xalqa xəyanət etdilər… Yəni Xudu müəllim “Qayğı” cəmiyyətinin iclasından çox əsəbi şəkildə çıxmışdı.

Muzeydəki tədbirdə isə Zərdüşt Əlizadənin Xudu Məmmədovun əsəbiləşməsində, halının pisləşməsində zərrə qədər rolu olmayıb. Mən bunun şahidiyəm. Tədbirdə də Xudu müəllimlə yanaşı oturmuşduq, mənim qollarımda can verdi… Onun ölümündə Zərdüştü günahlandırmaq doğru deyil”.

Xatırladaq ki, Xudu Məmmədov 1988-ci il oktyabrın 15-də vəfat edib.

A.Zeynalov

www.yenicag.az

2854
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM