30 manatlıq yardım kimə verilir? – Əlilləri narazı salan tələb LƏĞV EDİLDİ
3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən 30 manatlıq maddi yardım, xüsusilə regionlarda yaşayan əlilliyi olan şəxslər üçün narazılıqlara səbəb olub. Yardımın yalnız DSMF-nin yerli şöbələrinə şəxsən müraciət edərək alınmasının tələb edilməsi, bu şəxslər üçün ciddi çətinliklər yaradıb.
Bölgələrin ucqar kəndlərindən DSMF-nin yerli şöbəsinə gəlmək üçün yol xərci təxminən 15 manata yaxın olur. Bu isə verilən yardımı faktiki olaraq yarıya endirir. Həmçinin, hərəkət imkanları məhdud olan şəxslərin bu məsafəni qət etməsinin çətinliyi nəzərə alınmadığından, məsələ sosial şəbəkələrdə geniş narazılığa səbəb olub.
Yenicag.az olaraq məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanladıq. Quruma aid rəsmilərdən Sərvər Abdullayevin verdiyi açıqlamaya görə, 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar əlilliyi olan vətəndaşlar müraciət üçün Agentliyin yerli filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər növbəlilik qaydasında nəzərdən keçiriləcək.
Samir Məcid












