78 yaşlı Tramp: “Yüksək vəzifələrə qocaları təyin edənlər axmaqdır”

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd, 78 yaşlı Donald Tramp deyib ki, “yalnız axmaq insanlar qocaları yüksək səviyyəli federal vəzifələrə təyin edəcəklər”.

Yenicag.az xəbər verir ki, “Bloomberg News”a danışan Tramp bu barədə Ali Məhkəmədəki vəzifələrlə bağlı deyib. “Yalnız axmaq adamlar qocaları (yüksək vəzifələrə) gətirir”, – deyə o bildirib.

Müsahibədə 78 yaşında ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyü xatırladılan Tramp öz yaşı ilə bağlı suala məhəl qoymayıb.

Tramp Ağ Evdə daha dörd il müddətinə namizədliyini irəli sürür və hazırda ABŞ tarixində prezidentliyə ən yaşlı namizəddir. Noyabrın 5-də seçilərsə, respublikaçı namizəd 2029-cu ildə səlahiyyət müddətini başa vuranda 82 yaşı olacaq.

Tramp yaşını, zehni qabiliyyətlərini və liderlik qabiliyyətini şübhə altına alan demokratlar üçün tez-tez hədəf olur.

Digər tərəfdən, Trampın açıqlamaları sosial mediada bir çox istifadəçinin reaksiyasına səbəb olub.

Nəsimi Ələsgərli

COP29