8 aydır yerinə yetirilməyən BƏND – “Ermənilər Rusiyaya güvənib atəşkəsi pozur” – ŞƏRH

“Azərbaycan keçmiş Dağlıq Qarabağla bağlı heç bir təşəbbüslə çıxış etmir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Qarabağda baş verən son insidentlər, Rusiya sülhməramlı qüvvələrinin erməniləri Qarabağa köçürməyə davam etməsi və rəsmi Bakının bu məsələlərə səssiz qalmasına münasibət bildirən Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl deyib.

İlham İsmayıl bildirib ki, erməni silahlıları Rusiya sülhməramlılarına güvənərək təxribatlar törədir, atəşkəsi pozur:

“Hələ birinci Qarabağ müharibəsi başlamamış, hadisələr yeni qızışan zaman rus hərbçilər Bakıya, Gəncəyə gələrkən Azərbaycanda olmaqlarına baxamayaraq, əks tərəflə, yəni, ermənilərlə çox isti münasibət saxlayırdılar. Ermənilər də buna xüsusi cəhdlər edirdilər. Eynilə Ağdamda, Əliağalı kəndində baş verən hadisə, Rusiya sülhməramlı qüvvələrinin erməni silahlılarının həddindən artıq yaxınlığının, ruslara arxayınçılığının nəticəsidir. Onların cəzalanmayacağını bildiklərinə görə, bu hadisələri törədirlər. Ermənilər arxalarında Rusiyanın və yaxud hansısa bir rus komandirin dayandığını bilirlər və bu addımı atırlar. Qəribədir ki, burda nə Monitorinq mərkəzi, nə də Rusiya sülhməramlıları kimisə cəzalandırır. Ona görə cəzalandırmırlar ki, Azərbaycanın iradı zəifdir, mülayimdir, sadəcə olaraq xatırlatmadır. Biz sadəcə olaraq xatırlatma və ya irad bildirməli deyilik. Azərbaycan qarşı tərəfə – təkcə Rusiya sülhməramlıları deyil, Rusiya dövlətinə deməlidir ki, sizin dövlət başçınızın imzaladığı 10 noyabr bəyanatında konkret olaraq 4-cü bənd var. Orada konkret yazılıb ki, Rusiya sülhməramlıları erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel şəkildə ərazidə yerləşməli idi. Fakiki olaraq 8 aydır ki, bu bənd yerinə yetirilmir. Ona görə də, Azərbaycan tərəfi Ağdamın Əliağalı kəndində baş verən hadisəni əsas götürərək, tələb kimi qarşıya qoymalıdır. Bu Azərbaycana əsas verir ki, ciddi addım atsın. Tez-tez atəşkəs pozulur, bunun davam edəcəyi gəzlənilir. Bu bəndə əməl edilməlidir. Erməni silahlı qüvvələri ərazidən çıxarılmalıdır. Bu olmasa, provikasoyalar davam edəcək”.

Rus sülhməramlılarının Xankəndində və digər ərazilərdə humanitar fəaliyyət göstərməsi, erməniləri ərazilərə yerləşdirməkdə davam etməsinə gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Rusiya sülhməramlıları hümanitar aksiya adı ilə, qarşı tərəfi ərazidə məskunlaşdırır, onların köçməsini əngəlləyirlər. Bu sülhməramlı missiyaya uyğun deyil. Sülməramlı missiyanın əsas işi atəşkəsi təmin etmək və təhlükəsizliyə qrant olmaqdır. Burada isə Rusiya sülhməramlıları tikirlər, qururlar, maksimum çalışırlar ki, erməniləri Qarabağa cəlb etsinlər. Çünki erməni Qarabağda oturanda, rus da oturacaq. Rusiya Qarabağa Cənubi Qafqazın tərkib hissəsi kimi, həm də Azərbaycan və Ermənistana təzyiq vasitəsi kimi baxır.

Dünənki fərmanda Qarbağ iqtisadi bölgəsinə Xankəndinin adı salınıb. Ancaq 8 ay ərzində keçmiş Dağlıq Qarabağ ərazisi üçün heç bir təşəbbüslə çıxış etməmişik. Azərbaycan tərəfinin heç bir addım atmaması erməniləri ruhlandırır, onlara Rusiya pasportlarının verilməsini sürətləndirir. Rusiya Sülhməramlı qüvvələrinin komandanını çağırıb irad bildirilməlidir”.

Səxavət Məmməd