Bu il 100 illiyi qeyd olunacaq Azərbaycan Polis orqanlarına məxsus əlamətdar tarix qeyd olunan yubileylə məhdudlaşmır.
Yenicag.az xəbər verir ki, 2018-ci il həm də ömrünün böyük hissəsini daxili işlər orqanlarında asayişin qorunması və cinayətkarlığa qarşı mübarizəyə həsr etmiş bir sıra polis veteranları üçün də xüsusi əhəmiyyət kəsb edir. Xidmət müddətini şərəflə başa vuran, yeni nəsil polis əməkdaşları üçün nümunə olacaq təcrübəli polislərin sırasında bu il 80 yaşını qeyd edən, daxili işlər orqanlarında böyük nüfuza malik Altay Böyükağa oğlu Mansurov xüsusi yerlərdən birini tutur.
Altay Böyükağa oğlu Mansurov 1938-ci ilin iyun ayının 6-da dünyaya gəlib. Təbii ki, onun doğum ili ilə adı arasında qəribə assosiasiya yaranır. Çünki 1937-38-ci illərdə bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da repressiya maşını tam işə düşmüşdü. Cəza dalğasına salınanlara qarşı əsas ittihamlardan biri isə təbii ki, “pantürkçülük” idi. Belə bir vaxtda yeni doğulan körpəyə Türklüyün beşiyi olan Altay adının qoyulması böyük cəsarət tələb edirdi. Onun özü də adının nədən qaynaqlandığını izah edəndə, məhz bu məqamları önə çəkir.
Altay müəllimin polis orqanlarında fəaliyyətə başlamasının maraqlı tarixiçəsi var. Özü uşaq yaşlarından hərbçi olmağı arzulasa da, valideynləri bu istəyin əleyhinə çıxırlar. Orta məktəbi bitirib indiki Azərbaycan Pedaqoji Universitetinin Tarix fakultəsinə daxil olur və tələbəlik müddətində bu arzusunu qabartmır. Ordudan zabit kimi geri qayıtdıqdan sonra daxili işlər orqanlarına işləməyə göndərilsə də, Əzizbəyov Rayon Partiya Komitəsi tərəfindən ona müəyyən problemlər yaradılır.
Nəhayət, 1971-ci ilin noyabrında onu daxili işlər naziri Arif Heydərov qəbul edib. Altay müəllimi Daxili İşlər Nazirliyi Siyasi İşlər üzrə Şöbəyə instruktor götürüblər. İki il yarım işlədikdən sonra təlimatçı vəzifəsinə irəli çəkilib və 1974-cü ilin iyun ayında Dəmir Yolu Milis Şöbəsinə siyasi tərbiyə işləri üzrə rəis müavini göndərilib. Elə həmin ərəfədə SSRİ Daxili İşlər Nazirliyi Akademiyasının Rostov fakultəsinə qəbul olunub və oranı da bitirib. 1975-ci ilin dekabrında isə Aeroportda Milis Şöbəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Üstündən heç 9 ay keçməmiş həmin şöbənin rəisi vəzifəsini ona həvalə ediblər.
Özünün danışdığına görə, aeroportda çalışmaq daha məsuliyyətli idi. Çünki gömrük, sərhəd xidmətləri o zaman fəaliyyət göstərmirdi. Milis həm təhlükəsizliyi qoruyurdu, həm də cinayətkarlıqla mübarizə aparırdı. 1986-cı ilin yanvar ayında Əzizbəyov Rayon Daxli İşlər Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1992-ci il iyun ayına kimi xidmət edib və 54 yaşında təqaüdə göndərilib…
Altay müəllim təkcə milisdə öz xidməti borcunu yerinə yetirməyib, həm də daxili işlər orqanlarının daha geniş fəaliyyəti, inkişafı üçün çalışıb. Keçmiş Əzizbəyov rayonunda şöbənin həyətində əməkdaşlar üçün 50 adamlıq yeməkxana tikdirib, kriminalistika kabineti və fotolaboratoriya yaradıb. Əzizbəyov Rayon Daxili İşlər Şöbəsində rəis işləyərkən ən böyük arzularından birini – milis əməkdaşlarından ibarət atlı patrul xidməti yaratmaq üçün ölkənin ən çətin vaxtında Ağstafa atçılıq sovxozundan 14 baş at alıb, atlar üçün tövlə belə tikdirib. Bir sözlə, çalışıb ki, hər zaman hər işdə yenilik etsin, fərqlənsin.
Lakin ölkədə hərc-mərclik başladıqdan və onu işindən, sevdiyi peşəsindən uzaqlaşdırdıqdan sonra həyata keçirmək istədikləri elə arzu olaraq qalıb. O, təqaüdə çıxdıqdan sonra da yaddan çıxmayıb, unudulmayıb. Bir zamanlar təyyarələrinin təhlükəsizliyini qoruduğu, rəis kimi çalışdığı iş yerində, müxtəlif vəzifələrdə işləyib.
Bu gün də əli işdən-gücdən soyumayıb. Xəzər Rayon Ağsaqqallar Şurasının üzvüdür, ölkə və DİN rəhbərliyinin bu gün veteranlara göstərdiyi diqqət və qayğıdan çox razıdır.
Altay müəllim həqiqətən, özünü bütün mənalarda xoşbəxt insan saya bilər. Sevdiyi, həm də ağır zəhmət, əziyyət tələb edən məşəqqətli, eyni zamanda şərəfli peşəsində on illər ərzində qüsursuz fəaliyyət göstərmək, alnıaçıq işləmək hər kəsə nəsib olmur. Öz peşəsindən əlavə digər sahələrə də maraq göstərən, özünü zəhmətdən kənarda saxlamayan yubilyarın daha bir qürur mənbəyi onun gözəl ailəsi, övladları və nəvələridir. Altay müəllimin övladları da onun yolunu məsuliyyətlə davam etdirməkdədirlər.
Bu gün 80 yaşını qeyd edən Altay müəllimi səmimiyyətlə təbrik edir, yaşının bu müdrik çağında ona uzun ömür, can sağlığı diləyir, qəlbindəki bütün istəklərinin həyata keçməsini arzulayırıq. Atay müəllimin özünün davam edən həyat yolu ilə hələ uzun illər gənc nəsillərə əvəzsiz nümunə olacağına dərindən inanırıq.
Təbriklər, Altay vüqarlı müdrik Altay müəllim!