Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs Təhməzov Şahin Vaqif oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.
Yenicag.az-ın məlumatına görə, ilk olaraq Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Asim Salahov şahid qismində ifadə verdi:
“2021-ci ildən Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində işləyirəm. Şahin Təhməzovu cəzaçəkmə müəssisəsinin daxilində fəaliyyət göstərən əyani və qiyabi məktəbin direktoru kimi tanımışam.
Biz bunlara ancaq cəzaçəkmə müəssisəsinə daxil olmaq üçün buraxılış vermişik, onlara müəssisəyə daxil olanda üzərlərinə axtarış-baxışı həyata keçirmişik, şəxsən müəllimləri bir-bir tanımamışam. Məktəbin əməkdaşlarının davamiyyətini biz izləmirik, onlara Elm və Təhsil Nazirliyi nəzarət edir. Mən sizə sorğu vermişəm ki, məktəbin hansı əməkdaşı nə vaxt cəzaçəkmə müəssisəsinə daxil olub.
Təqsirləndirilən şəxsin vəkili Əbili Həsənov müvəkkilinə məktəb müəllimlərinin cəzaçəkmə müəssisəsinə daxil olması ilə bağlı sual verdi.
Təqsirləndirilən şəxs Şahin Təhməzov: “Biz əsasən pandemiya müddətində həmişə müəssisəyə daxil ola bilmirdik. 2022-ci ildə isə özüm virusa yoluxdum, bununla bağlı sizə sənəd də təqdim etmişəm, işə çıxmadım. Mən 2016-cı ildən həmin məktəbdə direktor işləmişəm”.
Hakim Rasim Sadıxov və dövlət ittihamçısı Rauf Malışov növbəti məhkəmə prosesinə Bakı Şəhəri üzrə Təhsil idarəsindən əlavə şahid qismində yoxlama əməkdaş təqdim etməyi təklif etdi.
Şahin Təhməzov isə Bakı Şəhəri üzrə Təhsil idarəsinin əməkdaşlarının ona qarşı qərəzli olduğunu qeyd etdi.
Hakim Rasim Sadıxov rəis müavininin məhkəməyə təqdim etdiyi sorğunu elan etdi.
Məhkəmə prosesi sentyabr ayının 24-nə kimi təxirə salındı.
Xatırladaq ki, Şahin Təhməzov onda ittiham olunur ki, cəzaçəkmə müəssisənin daxilində fəaliyyət göstərən məktəbə bəzi əməkdaşları işə götürüb, ancaq onlar işə gəlməyib və Şahin Təhməzov dövlət tərəfindən məktəbə ayrılan 84 min manatı bir neçə il ərzində mənimsəyib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb./unikal
www.yenicag.az