86-ya yetişən Xalq artisti: “Çətin yollardan keçmişəm, əziyyətlərim olub, ancaq həmişə…”

“Allah mənə bu səsi verib, mən də bu səsimlə xalqıma, ölkəmə başucalığı gətirmişəm”.

Bu sözləri 86 yaşını qeyd edən Xalq artisti, “Şöhrət” ördenli xanəndə Arif Babayev Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti xoşbəxt ömür yaşamasının və cavan qalmasının sirrini də açıqlayıb:

“Deyirsiz, cavan qalmışam? Cavanlıq ayrı şeydir, bir də geri qayıtmaz. Cavan qalmağımın səbəbi budur ki, yaşadığım bu ömür möhlətində heç vaxt evimdə, ailəmdə qeylü-qal, söz-söhbət olmayıb, həmişə rahat yaşamışam.

Xanımım da mənə yaxşı baxıb… Xoşbəxt insanam ki, Allah verən ömrü ləyaqətlə yaşayıram. Xoşbəxtəm ki, illərlə işğal altında olan doğma torpaqlarımız özümüzə qayıdıb”.

“Allahdan ən böyük mükafatınız nə olub?” sualına xanəndənin cavabı belə olub:

“Allahdan ən böyük mükafatım səsim olub. Allah mənə bu səsi verib, mən də bu səsimlə xalqıma, ölkəmə başucalığı gətirmişəm. Çətin yollardan keçmişəm, əziyyətlərim olub, ancaq həmişə xalqıma bağlı olmuşam. Onların sevgisi mənim üçün ən böyük hədiyyə olub”.

Cəvahir

COP29