Argentinanın aşağı liqasında çıxış edən “Central Larroque” klubunun üzvü Alexandro Benitez atdığı addımla gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, “Lulo” ləqəbli oyunçu qohumunun 9 aylıq uşağının həyatını xilas etmək üçün futbolla vidalaşıb.
Məsələ burasındadır ki, Milo adlı körpə qüsurlu doğulub. Həkimlər uşağın həyatda qalması üçün qaraciyər donoruna ehtiyacı olduğunu bildiriblər.
Milonun valideynlərinin analizləri müsbət nəticə vermədiyindən, növbə Benitezə çatıb. Futbolçunun analizi müsbət nəticə versə də, həkimlər ona bir daha futbol oynaya bilməyəcəyini xatırladıblar. O isə tərəddüd etmədən Milonun həyatını xilas etməyə üstünlük verib.
Qeyd edək ki, Alexando Benitezin əməliyyatı 7 saat davam edib. Uğurlu əməliyyatdan sonra Milo sağlamlığına qovuşub.