“İslahatlar fonunda formalaşdırılan rəy ölkədə qismən də olsa, demokratik seçki keçiriləcəyi təsəvvürü yaradırdı”.
“Səsverməyə 24 saat qalmış təbliğat dayandırılmalı olduğu halda, sosial şəbəkələrdə təşviqat davam etdirilib”.
Fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərindən artıq 10 gün keçsə də, səsvermənin nəticələri ilə bağlı mübahisələr səngimək bilmir. Seçkidə iştirak etmiş deputatlığa namizədlərin bir çoxu səsvermə prosesinə qanunsuz müdaxilə üzündən saxtakarlığa yol verildiyini bildirərək, nəticələrin ləğv olunması tələbini irəli sürürlər.
Mərkəzi Seçki Komissiyasında (MSK) isə deputatlığa namizədlərdən daxil olan şikayətlərin araşdırılması davam edir. Ali seçki qurumu bu araşdırmalardan sonra hələ ki 4 seçki dairəsində və müxtəlif seçki dairələrinə aid onlarla məntəqədə səsvermənin nəticələrinin ləğv olunması haqda qərar çıxarıb. MSK-da şikayətlərin araşdırılmasının nə zaman yekunlaşacağı hələ məlum deyil.
Bununla belə, çox maraqlıdır, narazı namizədlərin etirazları fonunda qalib elan edilmiş deputatlığa namizədlər və onların tərəfdarları seçkilərin tam şəffaf keçirildiyini, verilən şikayətlərin əsassız olduğunu bildirməkdədirlər. Bu fərqli yanaşmaları nəzərə alaraq, prosesin monitorinqini həyata keçirmiş seçki müşahidə təşkilatlarının mövqelərini öyrəndik.
Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov Yenicag.az-a açıqlamasında bildirib ki, ölkədə səsvermə günü pozuntuların qeydə alınmadığı seçki dairəsi olmadığı üçün verilən şikayətlər əsaslıdır:
“Deyə bilərəm ki, seçki prosesindəki pozuntular mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ölkədə belə bir ab-hava yaradılmışdı ki, guya Milli Məclisin tərkibi aparılan islahatlara adekvat olmadığı üçün təcili surətdə yeni seçki keçirilməlidir. İslahatlar fonunda formalaşdırılan rəy ölkədə qismən də olsa, demokratik seçki keçiriləcəyi təsəvvürü yaradırdı. Ancaq görünən budur ki, yüksək dövlət məmurlarının işdən çıxarılması da seçki prosesinin gedişinə təsir göstərmədi. MSK-nın bundan sonra daha neçə seçki dairəsində nəticələri ləğv etməsi isə artıq siyasi iradədən asılı olan məsələdir”.
Mövzu barəsində Yenicag.az-a danışan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlı isə ölkə üzrə bütün seçki məntəqələrində müşahidə aparmadıqları üçün səsvermənin ümumi nəticələrinə dair birmənalı rəy verə bilməyəcəyini deyib:
“Müşahidəçilərin qeydə alınmasında müəyyən probemlər yaransa da, sonra həmin bürokratik əngəllər aradan qaldırıldı. Bundan başqa, bəzi dairələrdə təşviqat kampaniyası başa çatdıqdan sonra deputatlığa namizədlərin təbliğat plakatlarının tam yığışdırılmaması müşahidə olunub.
Eyni zamanda, səsverməyə 24 saat qalmış təbliğat dayandırılmalı olduğu halda, sosial şəbəkələrdə təşviqat davam etdirilib. Bu kimi hallara artıq münasibət bildirmişik”.
Məhərrəm Zülfüqarlı seçki pozuntuları barədə ümumi bəyanat verdiklərini vurğulayaraq, MSK-nın hazırda deputatlığa namizədlərin şikayətlərini araşdırdığını qeyd edib.
Səxavət Məmməd