“9 fevralı bizdən ayıran zaman müddəti azaldıqca belə safsataların sayı və çeşidi də artacaq”

Dostlar, maraqlı bir prosesi müşahidə etməkdəyik. 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçki ilə bağlı proses başlayar-başlamaz ənənənəvi qarayaxma kampaniyalarına start verilib. Sosial media hesablarından havaya püskürülən iftira, yalan, böhtan, təhdid, şantaj xarakterli statusların biri o birisini əvəzləyir. Siyasi, ictimai və sosial mənsubiyyət məsələlərini bir kənara qoyuram. Məsələ daha acınacaqlıdır…

Burada bir qism adam var ki, onlar sanki ucuz, primitiv işlərlə məşğul olmaq üçün ixtisaslaşıblar. Anlamadıqları hər mövzudan yazıb üz-gözlərinə bulaşdırılar, öz səfehlikləri, idbarlıqları ilə fəxr edirlər. Ən yaxın qohum, qonşu və dostunun belə indiyədək fəaliyyətində siyasətin “s”ısını isə görmədiyi bir qism adam isə mistik varlıq kimi qəfil peyda olaraq özlərini ayrı bir dünyadaymışlar kimi aparırlar. Nə qanundan xəbərləri var, nə müvafiq normativ aktdan, nə normadan, nə qaydadan, nə…. Bu “nə”lərin sayını nə qədər desəniz artırmaq olar.

Amma bunları birləşdirən ümumi cəhət də var- “ağılları”! Haqq üçün deyim ki, bunları o qədər “ağılsız” da saymaq olmaz. Onlar qarşılaşacaqları mümkün iki halın ikisinə də qanedirlər: Belə ki, əgər bunları canlı varlıqlar kateqoriyasına aid edib cavab verirlərsə özlərini qazanclı sayıb sevincdən göyə atılırlar ki, “padşah məni dindirdi”. Yox, əgər səbr göstərib, gəmi gövdəsinə yapışan həşarat sayaraq cavablandırmırlarsa onda da belə zənn edirlər ki, bunların cuna materialından olan qapıları çox möhkəmdir, ona görə döyülmür.

Bayaq özünü deputatlığa namizəd də yox, deputat da yox, xəyali “superdeputat” hesab edən və cizgi filminin personajlarına oxşadan, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olacağını bildirən birisi yazıb ki, sən demə seçicilər təşəbbüs qrupu yaradaraq deputatlığa namizəd irəli sürmək üçün Seçki Məcəlləsini yox, bunun sərsəm və savadsız düşüncəsini əsas götürməliymiş. Seçki Məcəlləsində seçicilərin təşəbbüs qrupunun yaradılması ilə bağlı normativlər konkret şəkildə göstərilib. Seçkinin bu mərhələsinin təbliğat-təşviqat prosesinə hər hansı aidiyyətı yoxdur.

9 fevralı bizdən ayıran zaman müddəti azaldıqca yəqin ki, belə safsataların sayı və çeşidi də artacaq. Belə hallardan və “dahilərdən” hansısa peşəkar siyasətçinin, xalqın dəstəyini alaraq deputat seçilmək şansı olan şəxsin narahat olacağını düşünməyə belə dəyməz. Amma əlbəttə ki, hər kəsə öz dilində veriləcək cavablar var. Ona görə çox yaxşı olar ki, hər kəs iştirak etdiyi, yaxud iştirakçısı olmağa çalışdığı siyasi (bu digər sahələrə də aiddir) prosesin məsuliyyətini öncədən dərk eləsin. Özünü qanunvericiliyin tələblərinə və mənəvi prinsiplərə uyğun formada aparsın. Belə olan halda sivil, demokratik cəmiyyətin formalaşması və inkişafı üçün hər kəs öz həqiqi töhfəsini, faydasını vermiş olar.