!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

9 il öncə qətlə yetirilmiş sahibkarın qızından prezidentə - Müraciət

!Reklam – Yazi

9 il öncə Xaçmaz şəhərində sahibkar Nəcimə Babayeva qətlə yetirilib.

Qətlə yetirilən şəxsin qızı Gülnara Həbibova qatillərin üzə çıxması və cəzalandırılmasını tələb edir.

Gülnara Həbibova anasının qatillərinin üzə çıxması və cəzalandırılması üçün prezident İlham Əliyevə müraciət edib.

Yenicag.az həmin müraciəti sizə təqdim edir:

“Möhtərəm Prezident!

Mən – Həbibova Gülnara Xaçmaz şəhərində yaşayıram.

Artıq 9 ildir ki, bir ailənin məqsədli şəkildə məhv edilməsinin təşkilatçısı olan Xaçmaz RİHB Şəmsəddin Xanbabayevin qanunsuz əməlləri barədə Sizə davamlı olaraq müraciət edirəm.

9 il bundan qabaq Xaçmazda Şəmsəddin Xanbabayevin düşmənçilik apardığı bir qadın sahibkar qətlə yetirildi. Bu mənim anam – ömrünün son gününə qədər mülkiyyətini əlində saxlamaq üçün Xaçmaz RİHB Ş.Xanbabayevlə apardığı mübarizənin sonunda evində müəmmalı şəkildə – 73 yaşında xirtdəyi kəsilərək xüsusi amansızlıqla qətlə yetirilmiş və bu günədək ölüm işi bağlı qalmış, Xaçmaz şəhərində yerləşən “Arzu” Özəl Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevadır.

Anam – 5 uşaq anası, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, sahibkar Babayeva Nəcimə Qayıtmaz qızı 15 sentyabr 2010-cu il tarixində öz evində vəhşicəsinə qətlə yetirilmişdir. Valideynlərim müəllim olmuşlar. Anam 24 il müəllimə, 1980-1985-ci illər ərzində Xaçmaz rayonu Caparidze adına sovxozun həmkarlar təşkilatının sədri, 1985-ci ildən kolxoz bazarının direktoru işləmişdir. 5 uşaq hamımız ali təhsilliyik.

Anam 2000-ci ildə 15 il direktoru işlədiyi Xaçmaz kolxoz bazarını özəlləşdirərək onun bazasında “Arzu” Özəl Ticarət Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edir.

2006-cı ilin sonlarında anam Ş.Xanbabayevin bazarın onun əlindən alınması, bazarın yerində yeni ticarət mərkəzinin tikilməsi ilə bağlı bəzi şəxslərlə gizli razılığa gəlməsi barədə məlumat əldə edir. Elə buna görə də bazarı satmaq qərarına gəlir, 2006-cı ilin dekabrında Ş.Xanbabayevin niyyətini bilən anam onunla görüşdüyü zaman ona xəbərdarlıq məqsədilə bazarı satmaq qərarını ona şəxsən bildirir.

Bununla da hər şey dəyişir. Bazarın yerləşdiyi 2 hektara yaxın torpaq sahəsini ələ keçirmək üçün plan işə düşür.

2007-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına xəyanətinə görə YAP-dan qovulan A.Yaqubov təcili Xaçmaz RKC-yə sədr təyin olunur.

1 iyun 2007-ci il tarixində bazar yandırılır. Ticarət mərkəzində baş vermiş, daha doğrusu təşkil edilmiş yanğına görə anam barəsində cinayət işinin açılması üçün hərəkətlərlə birlikdə rayon rəhbərliyi tərəfindən ortaya “yol planı” atılır. Həmin plana görə ticarət mərkəzinin ərazisindən yeni yol salınmalı idi. Buna görə də ticarət mərkəzinin boşaldılması üçün fəaliyyətə başlanılır.

RİHB Ş.Xanbabayevin sağ əli və makleri olan RİHB-nın I müavini Akif Mərdanov tərəfindən təşkilatlandırılan qruplaşma üzvlərinin anama qarşı apardığı bazar müharibəsində artıq hər şeyə əl atılır. Məhz icra başçısının məqsədinin həyata keçirilməsi üçün bazarın torpağının ələ keçirilməsi oyununa rayon prokuroru Rasim Məlikov da qoşulur. Xaçmaz rayon prokuroru Rasim Məlikov anam N.Babayevanı rayon prokurorluğuna çağıraraq əvvəl onu həbslə hədələyərək bazarın ərazisini xoşluqla verməsini tələb edir. Heç nə alınmadığını gördükdə Xaçmaz RİHB Ş.Xanbabayevin xüsusi himayəsində olan Xaçmaz RİHB-nın birinci müavini Akif Mərdanovun rayon prokuroru R.Məlikova adi vətəndaş kimi yazdığı ərizə və bir qrup öyrədilmiş şikayətçinin Xaçmaz RİHB Ş.Xanbabayevə yazdıqları kollektiv və həm də anonim ərizələri əsasında (bazarın anamın əlindən alınaraq həmin ərazidə ( kimin tərəfindən, kimin pulu ilə ) yeni ticarət mərkəzi tikilməsi barədə ərizələrin surətləri əlavə olunur) AR Baş Prokurorluğunun tapşırığı ilə AR Vergilər Nazirliyi tərəfindən “Arzu” ÖTM MMC-də yoxlama təşkil olunur.

A.Mərdanov (Xaçmaz şəhəri, Gənclik küçəsi 34 saylı ünvanda yaşayan Mərdanov Akif Teyfur oğlu) həmin ərizədə həm ticarət mərkəzinin fəaliyyətinin dayandırılması, onun yerində yeni ticarət mərkəzinin yaradılması, həm də N.Babayevanın rəhbərlik etdiyi “Arzu” Özəl Ticarət Mərkəzində baş verən qanunsuzluqların araşdırılması üçün komissiya yaradılması, ən əsası isə icra başçısının I müavini vəzifəsini tutan bir şəxsin komissiyanın işində iştirakının təmin edilməsini xahiş edir. Ş.Xanbabayevin ən yaxın adamı olan A.Mərdanov yazdığı bu ərizə ilə RİHB-nin I müavini kimi həqiqətən də Ş.Xanbabayevin real müştərisi olmaqla bazarın alıcılarından biri olduğunu sübut edir.

Bu yoxlama da nəticəsiz qaldığından bazarın ərazisinin mübahisələndirildiyi məhkəmə prosesləri təşkil olunur. Məhkəmədə qarşı tərəf kimi Xaçmaz rayon kooperativlər cəmiyyəti (“Azərittifaq”) və qruplaşma tərəfindən idarə olunan RKC-nın payçıları çıxış edir. Hətta Xaçmaz bələdiyyəsi tərəfindən məhkəmə proseslərində A.Yaqubova Xaçmaz bələdiyyəsi adından nümayəndə kimi təmsil olunmaq etibar edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına xəyanətinə görə YAP-dan qovulan birinə?

Nəzərinizə çatdırıram ki, RİHB-nın I müavini A.Mərdanov, qətl baş verdiyi zaman rayon polis şöbəsi cinayət axtarış bölməsinin rəisi işləyən (hal-hazırda Siyəzən RPŞ-nın I müavini) Arzu Rzayev, RKC-nın keçmiş sədri Azad Yaqubov, RKC-nın sədri Cariyə Abbasova və nəhayət, bu şəxslərin ağsaqqalı, “xaç atası”, rayon torpaq şöbəsinin sabiq müdiri Adgözəl Tağıyev tat millətinə mənsub olmaqla bu cinayətkar qrupda birləşmişlər.

Digər tərəfdən, bir qrup öyrədilmiş şəxs tərəfindən Xaçmaz rayon məhkəməsində anamın müəllifi olduğu “Dünya dərdimdən xəbərsiz” kitabında yazdığı şeirlərdə Ş.Xanbabayevin şərəf və ləyaqətinin alçaldılmasına görə 250000 manat təzminatın ödənilməsi tələbi qoyulan məhkəmə prosesləri təşkil olunur (İddia ərizəsi əlavə olunur). Ən əsası odur ki, məhkəmədə 250000 manat təzminatdan başqa bazarın bağlanması tələbi qoyulur. İddiaçılardan biri – Nizami Şəfiyev yuxarı instansiyalara anam barədə yazdığı ərizənin əsasında AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən “Arzu” ÖTM MMC sifarişli şəkildə 2000 manat cərimə olunur.

Anam 3 ildən də artıq bir müddətdə mülkiyyəti uğrunda Ş.Xanbabayev kimi yüksək rütbəli dövlət işçisinin arxasında durduğu bir qrupla mübarizə apararaq məhkəmə proseslərini udur. Sonda anam evində sifarişlə xirtdəyi kəsilərək öldürülür.

Əvvəlcədən qurulmuş plana uyğun olaraq hadisə yerindən qatilə məxsus əl izlərini belə götürməyən rayon prokuroru R.Məlikov qardaşım Cavidi anamın ölümündə qatil kimi qələmə vermək üçün zəmin hazırlayır.

Rayon prokurorluğunda R.Məlikov və prokurorluğun baş müstəntiqi S.İsmayılov tərəfindən istintaqın rayon prokurorluğundan alınaraq Baş Prokurorluğa verilməsini tələb etməmək tələbi ilə şantaj edilirəm. İstintaqa rəhbərliyin rayon prokurorluğunda olduğu müddətdə anamın, həmçinin mənim guya “əxlaqsız” həyat tərzi keçirməyimiz, “narkoman”, “içki düşkünü”, anası ilə əmlak payından məhrum olduğuna görə ədavəti olan Cavid haqqında süni faktlar toplanır. Toplanan “faktlara” görə belə qətl bu ailə üçün spesifik haldır, yəni bu qadını oğlu Cavid öldürə bilərdi. Eyni zamanda anamın sürücüsü O.Azayev Xaçmaz RPŞ-də saxlanılarkən rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Arzu Rzayev (RİHB-nın I müavini Akif Mərdanovun həmkəndlisi və qohumu) tərəfindən N.Babayevanın övladları haqqında süni faktlar əldə edilməsi məqsədilə döyülərək qulağının pərdəsi partladılır.

Hadisədən 5 gün keçəndən sonra şikayətimizi nəzərə alaraq Baş Prokurorluq cinayət işinin istintaqını rayon prokurorluğundan alaraq Baş Prokurorluğun ACDİÜİİ-yə verir.

Bir tərəfdən anamın faciəli şəkildə qətlə yetirilməsi, onu tapan zaman keçirdiklərim, digər tərəfdən edilən şantaj və ölüm hədələrindən qorxub Baş Prokurorluğa şikayət etməsəydim nə olacaq idi?

Anamın qətlindən təxminən 1 ay sonra Ş.Xanbabayevin təqdimatı ilə A.Mərdanova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına xəyanət etdiyinə görə YAP-dan qovulmuş Azad Yaqubova “Tərəqqi” medalı verilir.

Əvvəl Akif Mərdanovun (RİHB-nın I müavini kimi Ş.Xanbabayevin ən yaxın adamı olan dövrdə) kürəkəni – Nəsimiyev Orxan Aydın oğlunun (MTN Sumqayıt şəhər şöbəsi), anamın qətlindən sonra Akif Mərdanovun Xaçmazda avara həyat tərzi keçirən biri kimi tanınan oğlu – Mərdanov Emil Akif oğlu MTN sıralarına qəbul edilir.

2011-ci ilin iyun ayının sonlarında Ş.Xanbabayevin iqtisadiyyat məsələləri üzrə müavini Azər Haqverdiyev heç bir əsaslı səbəb olmadan Eldar Şıxəliyev adlı şəxsi əvvəl küçədə döyür, sonra döydüyü şəxsi şəxsən RPŞ-ya aparır (E.Şıxəliyevin döyülmüş vəziyyətdə şəxsən A.Haqverdiyev tərəfindən Xaçmaz rayon polis şöbəsinə gətirilməsinin video görüntüləri var). Boynu sındırılan E.Şıxəliyevin vəziyyəti pisləşir, o, iyul ayının 10-da Bakı şəhərində (keçmiş Semaşko xəstəxanası) xəstəxanada komadan ayılmayaraq vəfat edir.

A.Haqverdiyev haqqında heç cinayət işi də qaldırılmır, heç nə olmamış kimi vəzifəsində qalır, əvəzində Ş.Xanbabayevin təqdimatı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilir. Bu ölüm işi də bu günə qədər açıq qalır.

2017-ci ilin avqust ayının 9-da ticarət mərkəzinin ərazisində Xaçmaz rayon prokuroru Elxan Əbdürrəhimovun təşkilatçılığı ilə təxribat törədildi. Ticarət mərkəzində xırda ticarətlə məşğul olan, əvvəlcədən öyrədilmiş Sadıqov Qurban və Sadıqova Cəmilə adlı vətəndaşlar hamının gözü qabağında anamın qəbrini nalayiq söyüşlərlə təhqir etməklə bizi təxribata çəkmək istədilər. Bizim baş verəcək təxribatdan 2017-ci ilin aprel ayından xəbərimiz var idi və hətta bu barədə AR Baş Prokurorluğuna məlumat vermişdik.

Biz Sadıqov və ailəsinin sadəcə oyunçu olduğunu, bütün bunların məni və ailə üzvlərimi təxribata çəkmək üçün planlı şəkildə təşkil edildiyini bilirdik, bildiyimiz üçün təxribata getmədik.

Qarşılıqlı şikayətlər əsasında Xaçmaz rayon Polis şöbəsində təhqiqat başlanılır və iş araşdırılması üçün Xaçmaz rayon Polis şöbəsinin istintaq bölməsinə verilir.

2017-ci ilin sentyabrında prokuror E.Əbdürrəhimov mənə xəbər göndərərək Sadıqov Qurbanın və anası Sadıqova Cəmilənin AR Baş Prokuroru cənab Zakir Qaralovun sentyabrın 27-də Quba şəhərində keçirələcək səyyar qəbuluna düşəcəyi ilə qorxutmağa çalışır. Bu şikayətin qarşısını almaq üçün mənim qarşıma ticarət mərkəzində hamının gözü qabağında anamın qəbrini təhqir edən Q.Sadıqov və C.Sadıqovanı yenidən ticarət mərkəzinə qaytarmaq tələbini qoyur. Mən E.Əbdürrəhimovun bu oyunlarından şikayət etmək üçün AR Baş Prokuroru cənab Zakir Qaralovun qəbuluna yazılıram.

E.Əbdürrəhimov bundan xəbər tutan kimi mənə xəbər göndərir ki, qəbuldan çıxsam, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul ediləcək. Həqiqətən də, 2017-ci il 19 sentyabrında Xaçmaz RPŞ-nın istintaq bölməsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilir. Mənə də 25 sentyabr 2017-ci il tarixində AR Baş Prokuroru cənab Zakir Qaralovun qəbuluna gəlməyəcəyim barədə ərizə yazdırılır. Mahir oyunçu olan E.Əbdürrəhimov 01 oktyabr 2017-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə verilən qərarı rədd edir, 01 noyabr heç bir cinayət tərkibi olmadığı halda cinayət işi başlaması barədə məqsədli və qərəzli qərar verir. E.Əbdürrəhimovun verdiyi qərarda cinayət işinin AR CM-nin 322-ci maddəsi ilə fakt üzrə başlanması göstərilsə də, əslində mənim barəmdə cinayət işi başlanılır.

E.Abdürrəhmanov cinayət işinin başlanması haqqında verdiyi qərarın AR Baş Prokurorluğunun rəhbərliyinin göstərişi ilə verdiyini əsas gətirir.

Qurban və anasını bazara qaytarmaq üçün Ş.Xanbabayevlə hazırladıqları planı sona çatdıra bilməyən E.Əbdürrəhimov bu qərarı verməklə ən optimal yolu seçir, Q.Sadıqova məni şantaj etmək üçün daha geniş imkanlar verir. Q.Sadıqov mənim həbsimi tələb edir, əks təqdirdə özünü yandıracağını bildirir. AR Baş Prokurorluğuna Sadıqovların ailə üzvlərindən kiminsə guya nə vaxtsa belə bir addım atdığı barədə yalan məlumat verməklə rəhbərliyi Q.Sadıqovun həqiqətən özünü yandıracağına inandırmağı bacaran E.Əbdürrəhimovun məqsədi Qurbanı yenidən bazara qaytarmaq idi.

13 noyabr 2017-ci il tarixində Q.Sadıqov və anası C.Sadıqova Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində məndən 288891 manat pulun alınıb onlara verilməsi tələbi ilə iddia qaldırır və təzminat tələbi AR Ali Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə rədd edilir.

Biz anamızın Rusiyanın konkret hansı şəhərindən, kimin sifarişi ilə gətirilən cinayətkar killer tərəfindən öldürülməsi barədə məlumat əldə etmişik və hüquq-mühafizə orqanlarından cinayət işinin açılması üçün əməli tədbirlər görmələrini gözləyirik.

E.Əbdürrəhimovun məqsədi nədir? Xaçmaz rayonunun sabiq prokuroru Rasim Məlikovun yolunu tutmaqla kimlərə xidmət edir?

Ş.Xanbabayevə sədaqətlə xidmət edən Xaçmaz rayon prokuroru E.Əbdürrəhimov bizi hövsələdən çıxarmağa çalışırdı, təxribata gedəcəyimiz halda anamın ölüm işinin açılmasını tələb etməyə heç kim qalmayacaqdı.

Bu 2 il ərzində E.Əbdürrəhimovdan yuxarı instansiyalara etdiyim heç bir şikayətə baxılmadı, E.Əbdürrəhimov isə mənə qarşı verilən bu qərarın AR Baş Prokurorluğunun rəhbər şəxslərinin göstərişi ilə verildiyini deməklə vəziyyətdən çıxmağa çalışdı. İndi də heç bir cinayət tərkibi olmadığı halda guya AR DİN-nin bəzi rəhbər şəxslərin şifahi göstərişi ilə məni təqsirləndirilən şəxs elan edərək cinayət işinin məhkəməyə göndərilməsi üçün qərar verilməsi gözlənilir.

Möhtərəm Prezident!
Hörmətli İlham Əliyev cənabları !

Sizdən xahiş edirəm ki, anam Nəcimə Babayevanın açılmadan bağlanmış ölüm işini şəxsi nəzarətinizə götürəsiniz.

Sizə bir daha böyük ümidlə müraciət etməyimin izahını ancaq belə verə bilərəm: Şəmsəddin Xanbabayevə görə açılması bu günə qədər mümkün olmayan bu ölüm işi nəhayət, ancaq Sizin göstərişiniz sayəsində açıla bilər.

www.yenicag.az

8101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv