“1992-ci ildə qəbul balı 150-200 idi, indi əvvəlki vəziyyət təkrarlanır” – Ekspert

“Hər il keçid balında aşağıya doğru güzəştlər edilməsi  abituriyentlərin müəyyən hissəsinin prosesə qeyri-ciddi yanaşması ilə nəticələnir. Onlar düşünür ki, onsuz da 150-200 bal toplamaqla müəyyən bir yerə qəbul olunacaqlar. Bu tipli problemlər, abituriyentlərin əhəmiyyətli hissəsinin aşağı bal toplaması məhz keçid balının aşağı salınmasından qaynaqlanır.  Habelə, keçid balının aşağı düşməsinə səbəb olan digər faktor ixtisas qrupunda 5 fərqli fənnin olmasıdır”

Bu sözləri Yenicag.az-a açıqlamasında ötən il imtahanlarda iştirak edən abituriyentlərin demək olar ki, tən yarısının 200-dən az bal toplamasının ümumi səbəblərini aydınlaşdırarkən təhsil eksperti Kamran Əsədov deyib:

“Ötən illərin təcrübəsi göstərir ki, qəbul imtahanlarında iştirak edənlərin böyük əksəriyyəti keçid balını belə toplaya bilmir. Hətta qəbul imtahanlarına gələnlərin sayında da ildən-ilə azalma baş verir. Bu mənada nəticələrin ürəkaçan olmayacağı gözlənilən idi.

Təəssüf ki, ali məktəblərə qəbul imtahanı üzrə xidmət haqqının artması bu sahəyə müraciət edənlərin sayının azalmasına kəskin şəkildə təsir göstərir. 2010-cu ildə qəbul imtahanlarında iştirak edənlərin sayı 110 min idisə, bu il orta məktəbi bitirənlərin sayı artsa da, abituriyentlərin sayı 68-69 mindən çox olmayacaq.

Düşünürəm ki, qəbul imtahanında keçid balını qaldırsaq, abituriyent də növbəti mərhələdə imtahana daha hazırlıqlı halda gələcək. Bu halda isə aşağı bal toplayanların da faiz nisbətilə ümumi sayında azalmalar olacaq”

Həmsöhbətimiz əvvəlki illərdə istifadə edilən test modelinin təkrarlanmasına da etirazını bildirdi:

“Bir məsələni qeyd edim ki, ötən bazar günü II və III ixtisas qrupu üzrə qəbul imtahanlarında istifadə edilən test modeli heç də yeni test modeli deyildi. Əvvəlki illərdə dəfələrlə istifadə olunmuş test tapşırıqları idi. Yəni burada yeni heç nə yox idi. Yenilik olmayan yerdə isə aşağı bal toplamaqla müşayiət olunan belə bir nəticənin olması onu göstərir ki, ali məktəblərə qəbul imtahanlarında ciddi dəyişikliklər etməliyik.  Əks halda ilin sonunda ümumilikdə universitetlərimiz boş qala bilər. Bir məsələni də bildirim ki, ixtisas qruplarında riyaziyyatla tarix üst-üstə düşmür. Ona görə də fikrimcə, fənlərin sayını azaltsaq, keçid balının aşağı düşməsinin də qarşısını almaq mümkün olacaq. Təsəvvür edin, 1992-ci ildə də 150-200 balla qəbul baş verdi, üstündən 26 il keçsə də, yenə əvvəlki vəziyyət təkrar edilir. Bu onu göstərir ki, aparılan iş düzgün deyil. Təhsilə yanaşma və baxış dəyişməlidir”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında bildirilir ki, keçən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb.

Onu da vurğulayaq ki, bu il Xızı, Xaçmaz, Samux, Qobustan, Göygöl, Lerik, Ağsu, Sabirabad, Şamaxı, Lənkəran, Ağdaş, Şərur, Şəmkir, Goranboy və Quba rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

ELÇİN