“NATO-nun Brüssel sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında olan görüşdən real nəticələr çıxacağını gözləmirəm. Sadəcə fikir mübadiləsi aparılıb. Tanışlıq dövrüdür”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Brüsseldə NATO toplantısı fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib:
“NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olsa da, onun Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesinə yeni impuls verəcəyini düşünmürəm. Çünki işğalçı Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. İstər ikitərəfli görüşlər keçirilsin, istərsə də NATO çərçivəsində xarici işlər nazirləri görüşsün, İrəvanın siyasətində dəyişən bir şey yoxdur. Ona görə də NATO çərçivəsində olan XİN rəhbərlərinin təmaslarından da real nəticələr çıxacağını gözləmirəm. İlin sonuna qədər də bu istiqamətdə bir neçə görüş ola bilər. Qərb də belə görüşlərin sayının artmasında maraqlıdır. Amma avropalılar maraqlı olsa da, prosesin belə davam etməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki belə nəticəsiz görüşlər və nəticədə mövcud status-kvo da uzanmaqda davam edir. Həmin səbəbdən Brüsseldəki görüşdən də real nəticə çıxacağını gözləmirəm. Bölgədə gərginlik hər zaman olduğu kimi yüksək olaraq qalacaq. Ümumiyyətlə, onu bildirim ki, NATO çərçivəsində münaqişənin həlli mümkün deyil. Alyans konfliktin həlli prosesinə qarışmır. Bu barədə qurum rəsmiləri dəfələrlə açıqlamalarla çıxış edərək bildiriblər ki, konfliktin həlli onlarlıq deyil. Proseslə ATƏT məşğul olur ki, onun da necə məşğul olduğunu yaxşı bilirik. Ancaq Brüsseldə keçirilən sammit belə bir görüşün olması üçün bir bəhanədir. NATO da bu məsələdə maraqlı olub, amma dediyim kimi, NATO birbaşa münaqişənin həlli ilə məşğul olmayıb, bunu istəmir də”.
Yaranmış vəziyyəti dəyərləndirən politoloq cari ilin sonuna doğru münaqişə tərəfləri arasında ən yüksək səviyyədə hansısa bir görüşün baş tutacağını da düşünmür:
“Nikol Paşinyanla Azərbaycan prezidentinin görüşü də düzgün olmazdı. Paşinyanın baş nazir olaraq səlahiyyətləri böyük olsa da, o ancaq Azərbaycanın baş naziri ilə görüşə bilər. Ancaq mövzu yoxdursa, ilin sonuna qədər belə bir görüşün olacağını zənn etmirəm, ümumiyyətlə buna ehtiyac görmürəm. Belə mənasız görüşlərin sayının çoxluğu Ermənistan və Qərbin maraqlarına cavab verir. Azərbaycanın maraqlarına isə heç cavab vermir. Sanki müzakirə görüntüsü yaranır, əslində isə müzakirə də getmir. Çünki qarşı tərəf problemin çözümü istiqamətində heç bir addım atmaq istəmir”.
Qeyd edək ki, NATO-nun Brüssel sammiti çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə ilk görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş əsnasında Dağlıq Qarabağ konfliktinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub: “Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb”.
ELÇİN