Hafiz Hacıyevin “Onu Şeyxülislam təyin edəcəyəm” deməsinə Razi Nurullayevdən cavab

Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev prezident seçilərsə, Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) Şeyxülislam Allahşükür Paşazadənin yerinə Razi Nurullayevi təyin edəcəyini bəyan edib.

Onun bu təklifini Yenicag.az-a açıqlamasında dəyərləndirən prezidentliyə namizəd R. Nurullayev isə özünü sözügedən vəzifədə görmədiyini diqqətə çatdırdı:

“Hafiz Hacıyevin bu fikirlərilə tanışam. İkincisi, bunları deyibsə, desin də. Burada inciməli bir məqam yoxdur. Şeyxülislam Allahşükür Paşazadəyə böyük hörmətim var. Düşünürəm ki, bu gün A. Paşazadə öz vəzifəsini yerinə yetirən bir insandır. Şeyxdir, din adamı və hörmətli insandır. Bu mənada A. Paşazadəyə qarşı hər hansı bir kampaniya aparılmasının, ona qarşı hücum taktikasının seçilməsi tərəfdarı deyiləm.

Bu şəxs kifayət qədər insanlardan daha şəffaf insandır. Özümə gəldikdə isə nə dini komitədə, nə də Qafqaz Müsəlmanları İdarəsində yerimi görmürəm. Öz yerimi harda görürəmsə, indi bu istiqamətdə də gedən prosesdə iştirak edirəm. Digər tərəfdən, QMİ rəhbərliyinə mənim namizədim var. Bu işləri hesab edirəm ki, hazırda orada oturan məmurlar çox gözəl icra edirlər. Ona görə də onların dəyişdirilməsinə ehtiyac yoxdur.

Prezident olsam belə sözügedən iki qurumla bağlı hansısa yeni bir addım atmağıma səbəb yoxdur. Təbii ki, siyasi prosesdə iştirak lazımdır. Xalqımız bizdən nicat gözləyir. Xalqımızın xoşbəxtliyi və problemlərinin həlli naminə hər zaman əməkdaşlığa açıq insan olmuşam, bu gün də həmin siyasətçi olaraq qalmaqdayam. Bu gün hansısa vəzifənin mənim üçün məqbul olub-olmadığı barədə düşünməmişəm, düşünmək fikrim də yoxdur. Bu gün ancaq Azərbaycanda prezident olmağı düşünmüşəm”.

ELÇİN

COP29