Baş nazirin sabiq müavini, hazırda Rusiyada yaşayan və böyük bizneslə məşğul olan, hətta oradan Azərbaycan siyasətinə ciddi şəkildə “əl uzadan” Abbas Abbasov və onun yaxın ətrafının ölkəmizlə bağlı gizli planı aşkara çıxıb.
Yenicag.az “Reytinq”ə istinadən xəbər verir ki, Qarabağ problemi səbəbindən Rusiyanın ölkəmizdəki missiyasından ruhlanan Abbas Abbasov və onun Azərbaycandakı komandası yeni iddialarla çıxış etməyə başlayıblar.
Məlumatda bildirilir ki, Rusiyanın Qarabağ probleminin həllində irəli sürdüyü təkliflər istiqamətində müsbət irəliləyişlər olarsa, Abbas Abbasov və komandası yenidən itirilmiş mövqelərini (karyera və siyasi) daha təsirli formada bərpa etməyi planlaşdırırlar. Artıq bu istiqamətdə ciddi işlərə start verildiyi iddia edilir.
Qeyd edək ki, A. Abbasov uzun illər Azərbaycanda yüksək vəzifə tutduğundan siyasi dairələrdə də şəbəkə qura bilib. Onun bir neçə ilə əvvəl Milyardelər İttifaqı və Rusiyadakı ən böyük diaspora təşkilatımız vasitəsiylə Azərbaycanda yaratdığı “fırtına”nı yəqin ki, çoxları unutmayıb.
O zaman Azərbaycan iqtidarının çevikliyi sayəsində Rusiyanın “5-ci kalon”unun buradakı nümayəndələrinin bir qismi zərərsizləşdirildi. Hətta A. Abbasovun “bayrağı” altında olan məmurların çoxu “vuruldu”, deputatlara isə 2015 seçkilərində yenidən şans tanınmadı. Bununla onun hakimiyyətin müxtəlif qollarındakı “dayaq nöqtələr”i qismən sıradan çıxarılsa da, Baş nazirin sabiq müavinini tam çökdürmək mümkün olmadı.
Sözsüz ki, bu məsələdə ötən il Gəncədə kredit qalmaqalına görə həbs olunan qardaşı Nadir Abbasovun azadlığa buraxılması üçün Abbas Abbasova Milyarderlər İttifaqında çox mühüm dəstək verən Dağıstan prezidenti Ramazan Abdulatipovun rolu olmamış deyildir. O, A. Abbasovu yenidən Azərbaycan iqtidarının cəngindən xilas etməyi bacardı.
Belə ki, o, ötən ilin oktyabr ayının 15-də Naftalana müalicə adı ilə gəlsə də, əslində məqsəd A.Abbasovun həbs edilən qardaşını azad etdirmək və onun oğlu daxil, yaxın ətrafının bir qisminə yenidən deputat mandatı qazandırma cəhdi idi. Azərbayan priezidenti ilə görüşən Abdulatipov ona Abbasovun “tövbə” məktubunu təqdim edib, bir daha “çığallıq” etməyəcəyinin təminatını verdi. Bununla Nadir Abbasov azad olundu, ancaq oğlu Aydın Abbasov da daxil olmaqla, bir neçə yaxın qohumu və komanda üzvü olan deputatların yenidən mandat almalarına imkan verilmədi.
Vaxtiylə hakim komanda daxilində mövcud olmuş “Qızıl üçlük” qrupunun (Abbas Abbasov-Namiq Abbasov-Eldar Həsənov) Boz kardinalı olan Abbas Abbasov isə vəziyyətə uyğun olaraq, “kölgə”yə çəkildi. Amma sən demə, bu, altı aylıq “gözdənitmə”, əslində, “tufanqabağı” sakitlik imiş.
Aldığımız məlumata görə, son vaxtlar Qarabağ məsələsində Rusiyanın aktiv rol almasından ruhlanan A.Abbasov vəonun Bakıdakı tərəfdarları yenidən toparlanırlar. Onlar hətta Rusiyanın A. Abbasovu Baş nazir postuna gətirəcəyini də dilə gətirməkdən çəkinmirlər. Üstəlik, 2015-ci il parlament seçkilərində mandatını itirən deputatlar yüksək dövləti vəzifələrə təyinat iddialarını ortaya qoymağa başlayıblar.
Bu barədə bu günlərdə müxtəlif saytlarda da maraqlı məlumatlar yayılıb.
Saytların iddiasına görə, Abbas Abbasov təkcə Rusiyada deyil, son vaxtlar Azərbaycanın daxilində də təşkilatlanmaya cəhd göstərir. Bu məsələdə ona dəstək verənlər arasında cənub zonasında ciddi dayaqlara malik olan nüfuzlu, tanınmış şəxslər, həmçinin, sabiq deputatlar, böyük biznesləri olan iş adamları da var.
Məlumatda bildirilir ki, Gəncədə doğulan A.Abbasovun cənub zonası kimi həssas bir bölgədə böyük maliyyə imkanları və təsir gücünə sahib olan yaxın qohumları da var: “Belələrindən biri də 2010-2015-ci illərdə 77 saylı Astara seçki dairəsindən deputat olmuş və son seçkilərdə adı Abbas Abbasov probleminə görə YAP-ın namizədlər siyahısından çıxarılmış sabiq deputat, “Diplomat-1″ şirkətinin rəhbəri Aslan Cəfərovdur”.
Mənbəmiz yayılan məlumatlara istinadən (Azpolitika.info) bildirir ki, Aslan Cəfərov Azərbaycan cəmiyyətində çox tanınmasa da, o, Azərbaycan siyasəti və böyük biznes elitasında nüfuz sahibidir.
Məlumata görə, A.Cəfərov uzun illər ölkəyə gətirilən uşaq qidaları və bezlərini inhisarında saxlamaqla yanaşı, həm də Abbas Abbasovun biznes ortağı – onun Azərbaycandakı bütün açıq-gizli obyektlərinin əsas idarəedicilərindən biridir.
Söz yox ki, Abbas Abbasovun Aslan Cəfərova olan bu etimadı onun hansısa xüsusi qabiliyyətə malik olmasından deyil, çox yaxın qohumluq əlaqələrindən qaynaqlanır. Belə ki, Abbas Abbasovun kiçik oğlu Vüsal Abbasov Aslan Cəfərovun bacısı Samirə xanımın qızı ilə ailə həyatı qurub. Gənclərin toy mərasimi isə 2009-cu ilin oktyabrında “Buta” sarayında çox dəbdəbəli şəkildə keçirilib. O vaxt mətbuat A.Abbasovun kiminlə qohum olduğunu araşdırmaq istəsə də, yalnız bu sözlər deyilmişdi: “Abbas Abbasov oğluna mərhum dostu Hacı Vaqifin nəvəsini alıb”.
Maraqlıdır ki, Abbas Abbasov kimi nəhənglə qohumluqdan sonra şans Aslan Cəfərovun üzünə güldü və bu biznesmen 2010-cu ildə – 37 yaşında 77 saylı Astara seçki dairəsindən deputat seçdirildi. Ancaq A.Abbasovun son 3 il ərzindəki məlum fəaliyyəti 2015-ci il seçkilərində A.Cəfərovun da hakimiyyət tərəfindən “qələminin qırılması” ilə nəticələndi.
Hazırda A.Cəfərovun biznes fəaliyyətini daha da genişləndirdiyi və tez-tez Moskvaya – Abbas Abbasovla görüşə gedib-gəldiyi də xüsusi vurğulanır.
Məlumatlı deyib ki, son bir həftə ərizində Rusiya rəsmilərinin Azərbaycana yüksək səviyyəli səfərlərindən ruhlanan A.Cəfərovla yanaşı, əslən cənub zonasından və böyük maddi imkanı olan vəzifə sahibləri də gələcəyin aşkar fəaliyyəti üçün gizli planlar qururlar.
İddia edilir ki, Aslan Cəfərovun ən yaxın ətrafında icra və polis sistemində mühüm vəzifə tutan imkanlı şəxslər də var.
Bunlardan birinin deputat Hacı Salayev olduğu bildirilir. Onun da Azərbaycandan başqa Dubay, Türkiyə və digər öllkələrdə də böyük biznesi var.
Yayılan məlumatlara görə, Hacı Salayevin adı A.Abbasovun istər Azərbaycan, istərsə də Türkiyə, Dubay, Rusiya, hətta ofşor zonalardakı bizneslərində pay sahibi kimi gündəmə gətirilir.
Məlumatlı şəxs deyib ki, Abbas Abbasov Aslan Cəfərovun simasında Azərbaycandakı bəzi vəzifə sahiblərini də yaxın gələcəkdə reallaşdırmaq istədiyi siyasi məqsədlərə dəstək üçün özünə tərəf çəkmək istəyir:
“İndi elə bir vəziyyətdir ki, Abbas Abbasov əvvəlki taktika ilə işləmir. O, bu dəfə komandasını böyütmək, eyni zamanda iqtisadi gücünü daha da genişləndirməklə, Azərbaycan iqtidarına kəsərli sözünü demək istəyir. Hətta onu da iddia etmək olar ki, o, bir neçə il əvvəlki açıq savaşı ilə nələri itirdiyindən ibrət alıb. Ona görə də Baş nazirin sabiq müavini müxtəlif dövlət qurumlarında təmsil olunan komanda üzvlərinin vəzifələrini daha da yüksəltdirib, iqtidarı daxildən fəth etmək planı üzərində işləyir. Açığı, Abbasov kimi çevik bir adamdan bunu gözləmək olar”.
Mənbə sonda sabiq deputat A.Cəfərov və adamlarının Azərbaycanda, o cümlədən Türkiyə, Dubay və digər ölkələrdəki biznes şəbəkəsi və alt qatında dərin siyasi məna kəsb edən digər layihələri ilə bağlı məlumatlar da verib.