“İndiki yeniyetmələrin psixoloji durumlarının əvvəlkilərlə müqayisədə zəif olduğuna, onların öz həmyaşıdları tərəfindən daha çox bullinqə məruz qalmasına görə dözümlülük səviyyələri azalaraq, intihara təşəbbüs etmələrinə gətirib çıxarır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi abituriyentlərin zəif nəticə toplamaqla intihara cəhdi və valideynlərin diqqət etməsi lazım olan məqamlar haqda danışan psixoloq Ezgi Şahin deyib.
Onun sözlərinə görə, bəzən abituriyent valideynləri keçmişdə gerçəkləşdirə bilmədiyi xəyallarını məsuliyyət kimi öz övladlarına yükləyirlər.
“ Onlar “mən bunu vaxtilə edə bilməmişəm, sən et”, “mən bacara bilməmişəm, sən bacar”, kimi ifadələr işlədərək öz məsuliyyətlərini övladlarına yönləndirirlər. Abituriyent də bu məsuliyyətə məruz qalmaqla yanaşı, valideynləri tərəfindən “sənə bu qədər pul xərcləmişik”, “sən bu pulun qarşılığını verməlisən” kimi ifadələr işlədərək, təzyiqlə üzləşirlər. Lakin indiki yeniyetmələrin psixoloji durumlarının əvvəlkilərlə müqayisədə zəif olduğuna, onların öz həmyaşıdları tərəfindən daha çox bullinqə məruz qalmasına görə dözümlülük səviyyələri azalaraq, intihara təşəbbüs etmələrinə gətirib çıxarır”, – deyə o bildirib.
Psixoloq qeyd edib ki, valideynlər öz övladını başqa uşaqlarla müqayisə etməməlidir:
“Bəzi valideynlər öz keçmiş yaşantılarını “biz belə deyildik” sözləri ilə öz övladlarının həyatı ilə müqayisə edirlər. Eyni zamanda, bu hal övladlarını başqa insanların övladları ilə müqayisə etməsində də özünü göstərə bilir. Lakin bu, düzgün deyil. Belə olan halda, yeniyetmə özünü sorğulamağa başlayır. Bunu nəticəsində isə bu özünə zərər yetirməyə qədər gətirib çıxarır. Valideynlər bunu bilməlidir ki, hər uşaq individualdır. Valideyn öz övladını heç bir uşaqla müqayisə etməməldir, qarşılaşdırmamalıdır. Hər uşağın öz potensialı, bacarığı var. Ona görə də övladımızı kimləsə müqayisə etmək ona psixoloji cəhətdən zərər vermək deməkdir. Valideynlər bu cür hallara yol verməməlidir. Çünki nəticələri daha da ağır ola bilər”.
İsmayıl Bakuvi