Abituriyentlərə VACİB MƏSLƏHƏT: Bu ixtisasları seçin, işsiz qalmayacaqsınız!

“Bu il əvvəlki illərlə müqayisədə abituriyentlərin sayında artım müşahidə olunur. Bu artım isə ən çox 1 və 3-cü ixtisas qruplarında öz əksini tapır. 1-ci qrupa istər valideynlərin, istərsə də abituriyentlərin istiqamətlənməsində bir sıra səbəblər var”.

Bu fikirlər təhsil eksperti Ramin Nurəliyevə aiddir. Ekspert “Yenisabah”a açıqlamasında 1-4-cü qruplardakı ən çox perspektivli ixtisasları şərh edib:

“1-ci qrupu seçən abituriyentləri iki yerə bölmək olar. Birinci istiqamət yüksək bal toplayanların seçimidir. Bunlar da Rİ alt qrupunda olan kompüter yönümlü, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi kimi ixtisaslara müraciət edirlər. Həmin istiqamətdə çoxluq müşahidə edilir. Əvvəlki illərə diqqət yetirdikdə Rİ alt qrupunda ciddi şəkildə fərq nəzərə çarpır. Abituriyentlərin komputer yönümlü ixtisaslara istiqamətlənməsi inkişaf etmiş ölkələrin İT sahəsinə meylliliyi, xidmətlərin elektronlaşdırılması ilə birbaşa bağlıdır. Ölkəmizdə bu qrup üzrə ən çox tələb olan informasiya texnologiyaları və informasiya təhlükəsizliyi ixtisasıdır. Bu ixtisaslar daha çox abituriyentlərin diqqət mərkəzindədir. Çünki bu qrupda olan digər ixtisaslara nisbətən daha perspektivlidir. Günümüzün ən tələb olunan ixtisasları olmaqla yanaşı, həmçinin gələcəkdə də istər dövlət qurumu, istərsə də özəl şirkətlərdə həmin sahə üzrə peşəkar kadrlara ehtiyac duyulacaq.

Zəif bal toplayan abituriyentlər də bu qrupu seçə bilərlər. Çünki 200 bal toplayan bir abituriyentin 2 və 3-cü qruplar üzrə imtahan verib, dövlət sifarişli yerlərə qəbul olmaq şansı çox azdır. Adətən, onlar özəl universitetləri seçə bilirlər. Təbii ki, burada heç qəbul olmamaq ehtimalı da var. 1-ci qrupda isə ixtisas sayının, o cümlədən dövlətin verdiyi plan yerlərinin çoxluğu, xüsusilə də, 85-90 faiz ixtisasların dövlət universitetlərində olması valideynlərin diqqətini çəkir.

2-ci ixtisas qrupunda abituriyentlərin ən çox diqqətini çəkən maliyyə, beynəlxalq münasibətlər və logistika üzrə olan ixtisaslardır. Bu sahələr üzrə həm dövlət, həm də özəl şirkətlərdə çalışmaq mümkündür. Bu ixtisaslara tələbin çoxalması da keçid ballarının artmasına gətirib çıxarır. Son zamanlar isə 2-ci qrupda olan biznesin idarə edilməsi ixtisasına maraq azalıb. Buna səbəb isə həmin sahənin özəl sektorda mövcudluğudur ki, həmin sahə üzrə təhsil alanlar gələcəkdə iş tapmaqda bir sıra çətinliklərlə üzləşirlər. Əmək bazarında iş imkanlarının zəifliyi bu ixtisasa olan tələbin azalması ilə nəticələnib. Bunun əksinə olaraq, həmin qrupda yer alan marketinq ixtisasına maraq çoxalıb. Hər bir şirkət yaxşı bir marketinq axtarır ki, gəlirlərini artırsın. Düşünürəm ki, bu sahə gələcəkdə daha da çox inkişaf edəcək. Həmçinin, turizm sektoruna da maraq çoxalır. İşğaldan azad olunan ərazilərimizdə quruculuq-bərpa işləri həyata keçirilir və turizm mərkəzləri formalaşır. Beləliklə, turizm ixtisasını bitirən şəxslərə gələcəkdə tələb daha çox olacaq”.

R.Nurəliyev 3 və 4-cü qruplarda ən çox tələb olunan ixtisasları da açıqlayıb:

“3-cü ixtisas qrupunda ən perspektivli ixtisas hüquqdur. Bu ixtisası seçənlər dövlət qurumlarında, eyni zamanda özəl müəssisələrdə çalışa bilərlər. İş imkanlarının çoxluğu həmin sahəyə olan tələbi gündən-günə artırmağa davam edir. Başqa bir ixtisas dövlət və ictimai münasibətlərdir. Həmin sahədə bütün qurumlarda iş imkanlarına sahib olmaq ehtimalı yüksəkdir. Bu ixtisası bitirən hər bir şəxs dövlət qulluğu üzrə imtahan verərək, müvafiq nəticə əldə edərsə, hüquq-mühafizə orqanları istisna olmaqla, digər bütün qurumlara iş üçün müraciət edə bilər.

Sözügedən ixtisas qrupu üzrə orta bal toplayan abituriyentlərin pedaqoji ixtisaslara istiqamətlənməsini tövsiyə edirəm. Xüsusilə, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, tarix müəllimliyi, ibtidai sinif və məktəbəqədər təhsil üzrə seçim etmələri daha məqsədəuyğundur. Bu qrupda yer alan sosial iş ixtisası hazırda olmasa da, getdikcə tələbatlı ixtisaslar sırasın daxil olacaq. Çünki artıq sosial sahələrdə, ASAN Xidmətdə, Dövlət Sosial Müdafiə Fondunda, bütün ictimai birliklərdə iş imkanlarının olması həmin sahəyə də marağı artıracaq.

4-cü ixtisas qrupunda ən çox tələb tibb üzrədir. Tibb ixtisasından sonra daha çox tələbat olan sahə psixologiya və fzioterapiya ixtisasıdır. Hər iki sahə inkişaf etmiş ölkələrdə çox tələbatlı ixtisaslar sayılır. Təbii ki, bizdə bu hələ müəyyən bir mövqeyə gəlib çıxmayıb. Ancaq zamanla həmin ixtisaslara tələb artacaq”.

COP29