Abituriyentlərin dərsə deyil, hazırlığa GETMƏLƏRİ: “Biz onsuz da məktəbi nüfuzdan salmışıq”

“Bu gün abituriyent-repetitor münasibətləri pedoqoji aspektdən tamamilə çıxıb. Bu, sırf ödənişli xidmət, maliyyə mexanizminə keçid edib”.

Bu fikirləri orta məktəblərdə abituriyentlərə xüsusi şərait yaradılması və onlara müəyyən güzəştlər edilməsi barədə danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, məktəbdə bu cür güzəştlərin tətbiqi düzgün yanaşma deyil:

“Bu gün məktəbi nüfuzdan salan, imicini öldürən, onun təhsil müəssisəsi kimi faydalılığını az qala sıfıra endirən detallardan biri də abituriyent-repetitor münasibətləridir. Biz məktəbin abituriyent-repetitor münasibətlərinə hələ güzəştə getməsinə, yardımçı olmasına toxunuruqsa, düşünürəm ki, bu, düzgün yanaşma deyil. Ola bilsin, kimsə “repetitor olmasaydı, abituriyentlər neyləyəcəkdi”, “abituriyentlər onsuz da məktəbdə heç nə öyrənmir” kimi düşünür.

Repetitorlar onsuz da hər hansı bir məktəbin müəllimləridir. Əgər məktəbin təhsili səmərəsizdirsə, deməli, onu müəllimi də səmərəsizdir. Necə oldu ki, müəllim məktəbdə, sinif otağı mühitində səmərəsiz, amma öz evində və ya hər hansı bir məkanda repetitorluq etdiyi yerdə səmərəli oldu? Məqsəd yanaşmadan, maddi mahiyyətin pedoqoji mahiyyətdən üstün tutulmasıdır. Düzü, mən hər hansı bir müəllimə deyə bilmərəm ki, repetitorluq etmə. Buna mənim hüquqi və mənəvi haqqım da yoxdur. Əlavə xidmət göstərib əlavə pul qazanmaq gözəldir, amma incə xətləri keçməmək, onun məktəbdəki faydalı iş əmsalına, səmərəliliyinə zərər gətirməmək şərti ilə. Mən repetitorluq institutunu ona görə tənqid edirəm ki, o, müəllimi faydalı iş əmsalına endirərək özünə tabe etdirdi”.

E.Nuri qeyd edib ki, repetitorluq dünyanın hər yerində mövcuddur:

“Lakin başqa formasiyalarladır. Biz bütün bunlarla yanaşı, hələ abituriyentlər üçün əlavə şərait və güzəştlər tətbiq edilməsi lazım olduğunu dilə gətiririk. Mən bununla razı deyiləm. Birinci növbədə, qəbul imtahanı sistemi dəyişilməlidir və həmin sistem dəyişdiyi halda məktəbin rolu artırılmalıdır. Biz düşünməməliyik ki, indiki durumda məktəb bunu etməlidir. Onsuz da məktəb tamam kənarda qalıb. 10 və 11-ci siniflərdə, əsasən, bölgələrdə çox az uşaq məktəbə gedir. Qeyri-şəffaf, şifahi razılıqla dərsə deyil, ancaq repetitor yanına gedirlər.

Biz onsuz da məktəbi nüfuzdan salmışıq. Bu gün abituriyent-repetitor münasibətləri pedoqoji aspektdən tamamilə çıxıb. Bu, sırf ödənişli xidmət, maliyyə mexanizminə keçid edib. Yaxşı bir müəllimin repetitor olmasına ehtiyac var. Çünki bizim qəbul imtahanı sistemi üçün proqramımız az qala ayrı, məktəblər üçün vahid tədris proqramımız ayrıdır. Sırf bu aradakı fərqə görə hesab edirəm ki, repetitorluq lazımdır, amma repetitorluq məktəbi qurban verməməlidir. Repetitor repetitorluq kimi, müəllim pedoqoq kimi məktəbdə faydalı olsun”.

İsmayıl Bakuvi

COP29