Abituriyentlərin İMTAHAN STRESSİ – “Bəzi valideynlər övladlarını çox sıxırlar”

“Abituriyentlərin sayının ildən-ilə çoxalması təhsilə olan qiymətin böyüklüyündən xəbər verir. Lakin abituriyentlər imtahan verərkən müxtəlif fənlərdən imtahan verirlər. Bu da öz növbəsində onlar üçün psixoloji gərginlik yaradır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayılova deyib.

Onun sözlərinə görə, hər bir abituriyentin ruhi-psixoloji durumu imtahan zamanı ortaya çıxır:

“Belə ki, imtahanın 3 saat olmağına baxmayaraq, bir abituriyent 11 illik təhsilini bu dəqiqələrə sığışdırmağı bacarmalıdır. Bu da öz növbəsində həyəcanlı, təşviş pozuntuları olan abituriyentlər üçün daha ağır olur. Təbii ki, bununla da bitmir. Burada digər bir çətinlik isə diqqət məsələsidir. Bu da diqqət əskikliyi yaşayan uşaqlar üçün bir başqa problemdir”.

Psixoloq burada valideynlərin rolundan da danışıb:

“Təbii ki, hər bir valideyn öz qazanmadığı uğuru, universitet sevdalarını övladlarında axtarmağa çalışırlar. Ona görə də valideynlər övladlarını, bu baxımdan, çox sıxırlar. Bu da öz növbəsində abituriyentlərdə olan həyəcanı birə-beş artırır. Bu halda mütləq şəkildə psixoloqun köməyi lazımdır. Çünki imtahanda insanın ruhi sağlamlığı normal olmalıdır. Psixoloq dəstəyi alan abituriyentlər çox şeyin mahiyyətin anlayaraq bəzi çətinliklərin öhdəsindən də gəlmiş olurlar”.

Mayıl Soltanov