Abituriyentlərin ixtisas SEÇİMİ: Bu qruplarda rəqabət ciddi olacaq – VİDEO

“2-ci ixtisas qrupunda düzgün seçim edən və 200 balı keçən hər bir şəxsin tələbə olması mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında abituriyentlərin builki qəbul şansları və ixtisas qruplarında kəskin rəqabət haqda danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, bu il ümumiyyətlə 1, 3, 4, 5-ci qruplarda rəqabət çox ciddi olacaq:

“Bu il ümumiyyətlə 1, 3, 4, 5-ci qruplarda rəqabət çox ciddi olacaq. Düzdür, 2-ci qrupda biz bu il zəif nəticələr gördük. 3-cü ixtisas qrupunda müəllimlik ixtisasında azalma var. Məsələn, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimlik ixtisasında azalmalar var. Bu o deməkdir ki, 3-cü qrupda bu ixtisaslarda ballarda kəskin qalxmanı müşahidə edə bilərik. Digər tərəfdən, 5-ci ixtisas qrupunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ixtisaslarında, daha sonra dizayn, təsviri incəsənət müəllimliyi ixtisaslarında da artımın şahidi ola bilərik. Eyni zamanda 1-ci ixtisas qrupunda mühəndislik, 4-cü ixtisas qrupunda isə Azərbaycan Tibb Universitetinin ixtisaslarında artımların olacağı istisna deyil. 2-ci ixtisas qrupunda düzgün seçim edən və 200 balı keçən hər bir şəxsin tələbə olması mümkündür. Amma təəssüf ki, bunu 3-cü qrup üçün deyə bilmirik”.

Ekspert qeyd edib ki, bu il subbakalvrların da vəziyyəti acınacaqlı ola bilər:

“Yeni fəaliyyətə başlayan ali təhsil müəssisələrin heç biri subbakalavr qəbul etmir. Burada iki məqam var. Birincisi ixtisas, ikincisi isə kollecdə təhsil müddətində topladığı baldır. Biz həmin ballarda tutaq ki tələbə 60 bal toplayıb və ibtidai sinif müəllimliyi ixtisasını bitirib, onun ali təhsil müəssisənə qəbul olmaq şansı çox aşağıdır. Yaxud da tibb bacısı ixtisasını bitirən tələbə 65-70 bal toplayıbsa, onların kəsilmə ehtimalı çox yüksəkdir. Abituriyentlərə bu il tövsiyəm budur ki, ixtisas seçimini maksimum dərəcədə diqqətli həyata keçirsinlər”.

İsmayıl Bakuvi