“Qəbul ballarının aşağı salınacağı və ya qalxacağı ilə bağlı indidən qəti fikir söyləmək çətindir”.
Bu fikirləri keçən illə müqayisədə ali məktəb və kolleclərə sənəd verənlərin sayında 16 min nəfərlik artımın qeydə alınmasının kecid ballarına təsirini dəyərləndirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, kecid ballarının qalxması və enməsi abituryentlərin topladığı baldan, həmçinin plan yerlərinin sayından asılıdır:
“Bu il ali məktəblərə və kolleclərə ərizə qəbulunda artım müşahidə edilir. Lakin bununla yanaşı, bəzi ali məktəblərdə plan yerlərinin sayı da artırılıb. Həmçinin yeni açılacaq Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti də yeni tədris ilindən fəaliyyətə başlayacağından, bunun üçün tələbə qəbul elan ediləcək.
Həm hazırda fəaliyyətini davam edən ali məktəblərimizdə plan yerlərinin artırılması, həm də yeni açılacaq universitetlərin tələbə qəbul etməsi keçid ballarına təsir edəcək. Bu çərçivədə qəbul ballarının aşağı salınacağı və ya qalxacağı ilə bağlı indidən qəti fikir söyləmək çətindir.
Çünki balların qalxması və enməsi abituriyentlərin topladığı baldan, həmçinin plan yerlərinin sayından asılıdır. Buraxılış və qəbul imtahanlarının nəticələrinin bəlli olmasından və ballarla bağlı statistika tam müəyyənləşdikdən sonra dəqiq fikir söyləmək olar”.
Nuray Məmmədzadə