ABŞ 2022-ci ildə müharibəni BİTİRƏ BİLƏRDİ – “The New York Times”

2022-ci ilin sonunda ABŞ Baş Qərargah Rəisləri Birgə Komitəsinin sədri Mark Milli Kiyevə cəbhədə əldə edilən uğurlardan istifadə edərək Moskva ilə danışıqlara başlamağı təklif edib. Lakin ABŞ dövlət katibi Antoni Blinken buna qarşı çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Məqaləyə görə, Əfqanıstandan ABŞ qoşunlarının çıxarılmasından sonra bəzi Respublikaçılar bunu uğursuzluq kimi qiymətləndirərək Blinkenin istefasını tələb ediblər. Lakin Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayanda Blinkenin “ulduz anı” yetişib.

“Müharibədən öncə Putin hücuma hazırlaşdığı zaman Blinken Berlində çıxış edərək prezidentlər Con Kennedi və Ronald Reyqan kimi Sovet hakimiyyətinə qarşı dayanan liderləri xatırlatdı və ABŞ-nin beynəlxalq sülh və təhlükəsizliyin əsas prinsiplərini müdafiə edəcəyini bəyan etdi” – deyə məqalədə qeyd olunur.

Blinken müttəfiqləri və tərəfdaşları Ukraynaya dəstək verməyə çağıraraq 50-dən çox ölkədən ibarət bir koalisiya formalaşdırıb. Bu ölkələr Ukraynaya hərbi yardım göstərməyə və ya Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə razılaşıb. Rusiyanın və Ukraynanın sülh danışıqlarına hazır olmaması fonunda Blinken özünü daha çox hərbi strateq kimi göstərib. O, xüsusilə Pentaqonun daha ehtiyatlı mövqeyini müdafiə edənlərlə mübahisə edərək, Ukraynaya daha güclü silahların göndərilməsinə tərəfdar olub.

2022-ci ilin sonunda Mark Milli Ukrayna tərəfinə döyüş meydanında əldə edilən qələbələrdən istifadə edərək, sülh danışıqlarına başlamağı təklif etsə də, Blinken mübarizənin davam etdirilməsini israrla müdafiə edib.

Rafi Müslümov