ABŞ-a qarşı sanksiya Azərbaycanı hara sürükləyəcək?

скачанные файлыƏli Əliyev: “Düşünürəm ki, bunların arxasında Azərbaycan siyasi elitasının yaratdığı problemləri ört-basdır etməsi üçün, suverenliyimizi kölgə altına salacaq Avrasiya İttifaqına getmək kimi məqamlar dayanır”

ABŞ-ın Azərbaycana qarşı insan haqları sahəsində baş verən olaylarla bağlı olaraq sanksiyalar tətbiq etmək istiqamətində atmaq istədiyi addıma cavab olaraq Milli Məclis də Vaşinqtona münasibətdə sanksiyaları nəzərdə tutan qanun layihəsini yaxın günlərdə müzakirəyə çıxaracaq. Maraqlıdır, görəsən, bu sanksiyalar mübarizəsindən kim qalib gələcək?

Yenicag.az-a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirdi ki, Azərbaycan parlamentinin ABŞ-a qarşı cavab sanksiyaları ciddi adamlar tərəfindən ancaq gülünc doğurur: “Müasir dünyada siyasi tərəflərin bir-birinə qarşı güc tətbiqi və yaxud adekvat davranışları yalnız imkanlara uyğun formada götürülməlidir. ABŞ dünyanın bir saylı dövlətidir. Həm ümumdaxili məhsulun həcminə, həm dünyada istehsal olunan əmtəə istehsalının, həm də istehlak etdiyi enerjinin miqdarına görə ABŞ dünyanın aparıcı ölkəsi sayılır. Təkcə Morqan şirkətinin aktivləri 2 trilyon dollar miqdarında qiymətləndirilir. Bu ölkədə adi universitetin 300 milyarda yaxın büdcəsi var. Nyu-Yorkda orta səviyyəli ticarət təşkilatının illik dövriyyəsi 50 milyard dollara qədərdir. Bu ölkə nəhəng bir mexanizmdir ki, dünya bazarında neftin qiymətini tənzimləyir. Bu gün üzləşdiyimiz sosial-iqtisadi, maliyyə problemləri məhz ABŞ-ın Rusiya siyasətinə qarşı qərar verdiyi neft qiymətini aşağı salmaqla bağlı iqtisadi alətin nəticəsidir. Azərbaycan 10 milyard dollarlıq büdcə və 10 milyon əhali ilə dünya çapında heç bir şeyə iddia edə bilməz. Ölkəmizin ABŞ-la münasibətlərinin bu şəkildə simmetrik qoyulması və hakimiyyət tərəfindən guya öz aləmlərində adekvat addımların atılması ancaq ciddi adamlar tərəfindən gülünc doğura bilər. Bu çox gülünc, heç bir ölçüyə sığmayan təşəbbüsdür. Fikrimcə, bununla ancaq Azərbaycan iqtidarı özünə hörmətsizlik gətirən prosesə başlanğıc verib. Düşünürəm ki, bunların arxasında siyasi elita yaratdığı problemləri ört-basdır etmək üçün, suverenliyimizi kölgə altına salacaq Avrasiya İttifaqına getmək kimi məqamlar dayanır. Belədə Rusiyanın qanadı altına düşməyi planlaşdırır. Ancaq bu halda qanun layihəsi işlərinə yarıya bilər. Çünki müqayisəli güclərin nəyə qadir olmaları haqqında sadaladığım məlumatlar onlarda olmamış deyil. Azərbaycan siyasi rəhbərliyini kifayət qədər təcrübəli, savadlı sayıram.

Ona görə də bunları bilə-bilə bu sayaq qərarlar verilirsə, deməli Azərbaycanı könüllü surətdə hansısa layihələrə sürükləmək cəhdləri var. Sadəcə olaraq bu plan tozanağın altında, Amerikaya qarşı bir “ura” patriotizmi adı altında həyata keçirmək niyyətlərindən qaynaqlanır. Bu isə Azərbaycan xalqının strateji maraqlarına ziddir. Necə ola bilər ki, Azərbaycanın dünyaya çıxmasında mühüm rol oynayan, onu himayə edən Türkiyə ABŞ-la sıx münasibətlərə gedir, Avropa Birliyi Ankaranı sıralarına almaq üçün bütün təşəbbüslərə əl atır, İsraillə uzun müddətdir ki, gərgin olan münasibətlər aradan qaldırılır, belə bir şəraitdə Azərbaycanın ABŞ-a münasibətdə belə meydan oxuması sadəcə olaraq başa düşülən deyil. Ölkəmizin perspektivi iqtisadiyyatımız nöqteyi-nəzərdən qiymətləndirilirsə, hazırkı dolanışımız Türkiyə və ABŞ-ın himayə etdiyi Bakı-Ceyhan boru kəmərilə ölçülür, gələcəkdə vəziyyətdən çıxış yolumuz da TANAP və TAP layihələrilə ölçülməlidir. Bu yaxınlarda ölkə başçısının da dediyi kimi Bakı-Tiflis-Qars dəmir yolu nəfəsliyimiz olmalıdır. Dünya gücləri tərəfindən himayə olunan belə layihələrdən Azərbaycan könüllü surətdə imtina etmək xətti götürübsə, bu kimi maraqlarına cavab verir, suala cavab axtarmaq lazımdır. Ona görə də belə siyasət ancaq Azərbaycanı uçuruma apara bilər. İnanmıram ki, bu ölkə başçısı tərəfindən dəstəklənən siyasi xəttdir. Sadəcə olaraq bir az gözləmək lazımdır. Azərbaycan hakimiyyəti daxilində reaksion qüvvələrin olduğunu bilirdik, ancaq onların bu dərəcədə siyasətə təsir etmək gücündə olduğunun fərqində deyildik”.

ELÇİN