“Avropa İttifaqı ilə ABŞ-nin yolları ayrılacaq”.
Bu sözləri ABŞ və Rusiya nümayəndə heyətinin yenidən görüşməsi və bunun nəticələrini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, Zelenski və Ukraynanın vəziyyəti gərgin olaraq qalacaq:
“Ukrayna məsələsi bəhanədir. Məsələ ABŞ ilə Rusiya münasibətlərinin normallaşmasından gedir. Hər iki tərəfə zəif Ukrayna sərf edir. Ukrayna parlamentində Zelenskiyə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı dinləmələr keçirildi. Zelenskinin səlahiyyət müddəti başa çatsa da, parlament ona yeni səlahiyyət vermədi. Bu isə o deməkdir ki, Zelenski seçkiyə gedəcək və Ukraynada Rusiyaya yaxın bir fiqurun hakimiyyətə gətirilməsi planlaşdırılır. Bununla da Ukrayna ilə Rusiya arasında yeni münasibətlər formalaşacaq, diplomatik əlaqələr bərpa olunacaq və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsi ləğv ediləcək”.
Politoloqun sözlərinə görə, Almaniya Avropa İttifaqının aparıcı ölkələrindən biridir və son parlament seçkilərində Xristian Demokratlar qalib gəlib:
“Fridrix Mertsin Ukraynaya münasibəti kifayət qədər sərtdir. Bu isə o deməkdir ki, Avropa İttifaqı ilə ABŞ-nin yolları ayrılacaq. Avropa İttifaqı öz ordusunu yaratmağa çalışacaq. ABŞ isə Türkiyəni öz tərəfinə çəkmək istəyəcək. Avropa İttifaqı da Türkiyəyə “qapılarımız sizə açıqdır” mesajını verəcək. Hər iki tərəf Türkiyəni yanında görmək istəyəcək”.
Səxavət Məmməd