ABŞ-Azərbaycan gərginliyi və yeni səfirin “AĞIR YÜKÜ”: “Vaşinqtonun ziddiyyətli yanaşmaları və…”

“Göründüyü qədər, ikitərəfli münasibətlərdəki gərginlik yeni səfir təyinatından sonra azalmağa başladı”.

Bu fikirləri ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Mark Libbinin iki ölkə arasında son dövrlərdə müşahidə olunan gərginliyin aradan qaldırılmasında mümkün rolunu dəyərləndirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-dən göndərilən yeni səfir kifayət qədər təcrübəli diplomatdır və bu mənada uğurlu fəaliyyəti ilə seçilə bilər:

“Ümumi götürsək, ölkələr arasında yaranan problem səfirlərin işindən yox, daha çox ölkənin tutduğu xarici siyasət kursundan qaynaqlanır. Ümumiyyətlə, ABŞ-ın Azərbaycana münasibəti heç vaxt birmənalı olmayıb.

Avropanın qaz təminatı, Yaxın Şərq siyasəti, İrana qarşı Azərbaycanın Xəzər donanmasının gücləndirilməsində ABŞ-ın fəaliyyəti məlumdur. Yəni maraqlardan asılı olaraq, ABŞ fərqli sahələrdə Azərbaycanla əlaqələri inkişaf etdirib, yaxud da gərginlik yaradıb.

Ermənistan-Azərbaycan münasibətlərində də belə yanaşmanın şahidi olduq. Fikrimcə, ABŞ-ın yeni səfir təyinatı ilə ortadakı gərginliyin müəyyən mənada səngiyəcəyini gözləmək olar. Həm də göründüyü qədər, ikitərəfli münasibətlərdəki gərginlik yeni səfir təyinatından sonra azalmağa başladı.

Digər tərəfdən, ABŞ Azərbaycanla hədə dilində danışmağın əhəmiyyətsiz olduğunu gördü. Çünki Azərbaycan Türkiyə ilə müttəfiqdir, Asiya ölkələri ilə tarixi bağları var, Yaxın Şərqə yaxındır və Avropanı enerji təhlükəsizliyində ciddi rol oynayır. Bu amillər nəzərə alındıqda, Azərbaycanın bütün hallarda ABŞ üçün çox vacib ölkə olduğu açıq görünür”.

Nəsimi Ələsgərli

COP29