“ABŞ yüzlərlə hava hücumundan müdafiə sursatının müttəfiqlərinə və tərəfdaşlarına planlaşdırılan ixracını dayandıracaq və onları Ukraynaya yönləndirəcək”.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Washington Post” nəşri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Əlaqələr üzrə koordinatoru Con Kirbinin sözlərindən sitat gətirib.
“Bayden administrasiyası başda Patriot və NASAMS sistemləri olmaqla, digər ölkələrə gözlənilən hərbi tədarüklərə yenidən prioritet vermək və onları Ukraynaya yönləndirmək üçün çətin, lakin zəruri qərar qəbul edib. Əlbəttə, biz bu təsirə məruz qalan bütün ölkələrə bu fövqəladə addımı atdığımız barədə məlumat vermişik və hər hansı mənfi nəticələri minimuma endirmək üçün əlimizdən gələni edirik.
Müttəfiqlərə çatdırılmalarının gecikdiriləcəyi barədə məlumat verildikdə, aldığımız cavab ümumilikdə müsbət olub. Çünki onlar Ukraynada ehtiyacın nə qədər ciddi olduğunu bilirlər”, – deyə Kirbi qeyd edib.
Kirbi müttəfiqlərin sifarişlərinin nə qədər gözləməli olacağını bildirməyib, lakin prioritetlərin dəyişməsinin Tayvan və İsrailə təsir etməyəcəyini söyləyib.
Dövlət Departamentinin sözçüsü proses üzrə davam edən danışıqlara istinad edərək, hansı tərəfdaşların təsir altına düşə biləcəyini və ya sursatların nə vaxt yönləndiriləcəyini şərh etməkdən isə imtina edib.
Rafi Müslümov