ABŞ-da DEMAQOQratlarla demokratların TRAMPlin mübarizəsi – Trampa qarşı hazırlanan çevrilişin gizli kodları – ANALİZ – III Hissə

Qlobal hadisələr ABŞ-dakı seçki nüanslarına necə təsir etdi?

Bu seçkiyə damğa vuran məlumatlardan biri kimi, ilk dəfə idi ki, prezidentlik yarışına ən çox (300 milyon dollar) vəsait ayıran bir şəxs məğlub oldu. Bir başqa fakt kimi, Tramp Klintonla müqayisədə 300 min daha az səs toplayaraq (seçki qaydaları tələbindən) bu yarışmanın qalibi oldu. Biznesmen prezident həm bu titulu qazanmaq üçün ona qarşı çoxtərəfli subyektlər və ittihamlarla mübarizə aparmalı, həm də bu toqquşmalarda enerjisini itirmədən seçicilərinə dəqiq və aydın şəkildə seçki platformasını izah etməli idi. Məsələn, Donaldın ünvanına səsləndirilən “rus agenti”, “vergidən yayınan”, “qadın düşməni”, “kobud”, “səriştəsiz” kimi ittiham və həqarətlər seçki marafonu boyunca daim gündəmdə oldu . Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) açıq-aşkar anti-Tramp mövqeyi sərgiləyərək, onun Rusiya ilə əlaqələri barədə çoxsaylı iddialar səsləndirsə də, bütün dünyanı “dördgözlə” izləyən bu təşkilat ortaya bircə dəlil belə qoya bilmədi.

Bütün bunların təsiri ilə hətta az vəsait xərcləyən, siyasi təcrübəsi olmayan və medianın basqısı altında qalan Trampın qələbəsinə inanlar az idi. Amma Donald Tramp bütün ittihamlara bəzən ağıllı bildiyi, bəzən isə düzgün bir şəkildə cavab verərək, ətrafdakıları təəccübləndirməyi bacarırdı. Məsələn, Vaşinqtondakı Məsuliyyət və Etika qrupunun (CREW) Trampa qarşı ölkə rəhbərlərinin xarici ölkədən qazanc əldə etməsini qadağan edən qanunu gündəmə gətirməsindən sonra Ağ Evin indiki rəhbəri bu məsələyə bütün xarici ölkədəki otel gəlirlərini ABŞ büdcəsinə təqdim edəcəyi ilə cavab vermişdi.

Siyasi idarə və hüquqi məsuliyyət üçün qazancından keçməyə hazır olduğunu deyən “sarı adam” bununla vətəndaşların daha çox qəlbinə girməyi bacarmışdı. Məhz bu səbəbdəndir ki, yerli xalq siyasi təcrübədən çox, həqiqi iradəyə inanmağa üstünlük verdi. Bu isə diqqətçəkən başqa bir nüansdır.

Təəccübləndiricidir ki, Moskvadakı gözəllik yarışmasındakı səsyazmaları, İslam və meksikalılarla bağlı dedikləri də Trampın qələbəsinə mane olmadı.Tramp bir tərəfdən müsəlmanlarla bağlı bədbin çıxışlar etsə də, digər tərəfdən müsəlman dünyasının başına bəla olan İŞİD-in elə Klinton və Obama tərəfindən yaradıldığı iddiasını da yüksək səslə dünyaya bəyan etməyi unutmamışdı.

“Azlar”dan narazı olan “çoxlar”ın etiraz səsi

Bu qızğın mübarizə isə, finişə doğru daha da alovlanmaqda idi. Yarımbaşlığı əbəs yerə bu cür adlandırmamışam. Çünki Amerikada doğrudan da “azlar”la “çoxlar”ın yaşamaq mübarizəsi gedir. Məsələn, ABŞ-ın 3 % vətəndaşı bütün milli ölkə gəlirlərinin 54 %-nə sahibdir. Bu rəqəm 1989-cu ildə 44 % idi. İş o yerə çatıb ki, Amerika adambaşına düşən milli gəlirə görə (39 000 ABŞ dolları), Avropanın bir müddət böhran yaşamış, orta səviyyədə inkişaf etmiş İspaniya (52 223 ABŞ dolları) kimi ölkəsindən belə geridə qalır.

Xüsusilə qeyd edim ki, Amerika əhalisinin 90%-i ümummilli gəlirin 24%-lik pay bölgüsü ilə kifayətlənməyə məcbur edilib. Bu rəqəmlər və Trampın yuxarıda qeyd etdiyim reaksiyaları doğrudan da onunu qələbəsinin əsas səbəbləridir.
Bütün qalmaqallara baxmayaraq, Trampın güclü duruşu və devrilməməsini bura əlavə etməkdə də fayda var. Çünki Klintonla müqayisədə daha az lokomotivə malik olan Trampın qələbəsinə inanlar çox az idi.
Bir statistikanı da əlavə edim ki, aparılan araşdırmalar zamanı ABŞ-ın əsas probleminin immiqrantlar və terror olduğunu düşünənlərin çoxu səsini Trampa verib. Demək ki, terror Amerikadan uzaq qitələrdə baş versə də, yerli xalq artıq bu narahatlığı hiss edərək, onun həll olunmasına dəstək, əvvəlki xarici siyasət kursuna isə etiraz etmiş oldu.Yeri gəlmişkən, Trampın son günlərdə İslamla bağlı bir dini ayinə qatılaraq, həyat yoldaşı ilə birlikdə “Quran” dinləməsi həm hazırda planlarından əl çəkməyən Qlobalistlərə bir etiraz, həm də İŞİD-lə mübarizə aparan müsəlman ölkələrinə bir mesaj kimi izah edilə bilər.

Nəticə

Beləcə, Tramp əvvəllər biznesmen və tacir olaraq, öz aldıqlarından qazanclı çıxırdısa, bu dəfə o, maddi deyil, davamlı iradəsi və seçicilərin nəbzini tuta biləcək açıqlamaları ilə qalib oldu. O, biznesmen kimi ölkəsinin iqtisadi zəifliklərini önə çıxararaq, qalib ola bildi. Buna isə “iqtisadi siyasət” deyə bilərik.
Beləliklə, maddi anlamda milyardları qazanan Tramp, seçki marafonunda milyonları da qazandı. Deyim yerindəsə, milyarder biznesmen, milyonçu siyasətçi, Ağ Evin bu “sarı adam”ı Qlobalistlərin son şansını da beləcə, boşa çıxartdı.

Epiloq

Kim nəyə ümid edir?

ABŞ-dakı seçki və hazırkı Qlobalist mübarizə yüksək həyəcanla izləniləcək. Bu mübarizədə Trampdan gözlənilənlər söylədiklərinə əməl etməsidir. (“Mən istəmirəm ki, nifaq baş versin. Mən dünyanı sevirəm, istəyirəm ki, dünya yaxşı olsun, lakin biz… Yəni, baxın ki, ölkəmizin başına nələr gəlir?! Bizim dövlət borcumuz 20 trilyon dollar təşkil edir – biz nə etdiyimizi anlamırıq – ordumuz zəifdir: heç vaxt bitməyən müharibələr aparırıq, artıq 17 ildir Əfqanıstandayıq. Doğrudan da, 17 il nə zamansa iştirak etdiyimiz ən uzun müharibədir”).

Bəs, Qlobalistlər? Hazırki Qlobalistlər hələ ki, dünyada deyil, öncə Amerikada öz planlarını tətbiq etdikdən sonra xaricə baxış edə biləcəklər. Onun üçün də ya Trampı razılaşdırmalı, ya devirməli, ya da 4 il sonranı gözləməlidirlər.
Corc Sorosa isə öz gününə ağlamaq qalır. Axı o, maliyyələşdirdiyi Klintonun deyil, “sarı adam”ın seçilməsi ilə 1,4 milyardını itirdi.

Bəs dünya?

Dünya sakinlərinə isə zaman-zaman astroloji tarixli proqnozlarla düzəlməsindən çox, dağılmasının müzakirəyə çıxarıldığı Yer planetinin daha ədalətli olmasına ümid etmək qalır. Tramp dəyişən Yeni Dünya Münasibətlərində və Maraqlar Sistemində TRAMPlin ola biləcəkmi? Şərqdən-Qərbə, Şimaldan-Cənuba 7 milyardın ortaq düşündüyü və baş sındırdığı bu sualın cavabı üçün zamanı gözləməliyik. Tramp birinci olmağı bacardı. İndi dünyanın Trampdan haqlıcasına arzusu və gözləntisi var. Bir tərəfinin aclıqdan öldüyü, digər tərəfinin isə köklükdən həkimlərə üz tutduğu dünyanın dağıdana deyil, QURANa ehtiyacı var.

Arzu Səyyad

Yeniçağ.az