ABŞ-dan Gürcüstana sanksiya TƏHDİDİ: Rəsmi Tbilisi geri çəkilmək niyyətində deyil

“Xarici şəffaflığın təsiri haqqında” qanun layihəsinə münasibət bildirməyə mənəvi haqqı çatan ən sonuncu ölkə ABŞ-dir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Siyasi təhlilçi Gürcüstan parlamenti tərəfindən qəbul edilən “Xarici şəffaflığın təsiri haqqında” qanundan sonra ABŞ hökumətinin Gürcüstana qarşı sanksiyalar həyata keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Onun sözlərinə görə, ABŞ belə bir qanunu 90 ildir ki, qəbul edib və daha sonra sözügedən qanuna sərtləşdirici müddəalar əlavə olunub.

“Hələ vaxtilə nasist Almaniyası təbliğatının qarşısının alınması ilə bağlı belə bir qanun qəbul olunmuşdu və həmin qanun bu günə kimi qüvvədədir. Bu baxımdan, Birləşmiş Ştatların Gürcüstana qarşı olan sanksiya təhdidi, əslində, bu ölkənin mahiyyətini ortaya qoyur. Yəni Vaşinqton deyir ki, “bizə olar, amma sizə yox”. Belə çıxır ki, dünyada yalnız ABŞ özünün milli maraqlarını təmin etmək hüququna malikdir və müstəqil hüququn digər subyektlərinin belə bir hüququ yoxdur”, – deyə o əlavə edib.

Siyasi təhlilçinin fikrincə, bu ittihamlardan Gürcüstan hökuməti heç bir halda qorxmayacaq:

“Əslində, bu, Gürcüstanın müstəqilliyinin hədəfə alınmasına yönəlmiş bir addımdır. Son dövrlərdə Gürcüstan hökumətinin sərgilədiyi davranışlar da sübuta yetirir ki, rəsmi Tbilisi ona qarşı irəli sürülən əsassız iddiaların qarşısında geri çəkilmək niyyətində deyil və prinsipial olaraq öz milli maraqlarından çıxış edir”.

Qeyd edək ki, nüfuzlu “Politico” nəşri bununla bağlı yazdığına görə, ABŞ “Xarici agentlər haqqında” qanuna görə Gürcüstana qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edəcək.

Məlumata görə, layihə “Gürcüstanın demokratiyasına, insan haqlarına və təhlükəsizliyinə zərər vurmaqda maddi məsuliyyət daşıyan” gürcü rəsmilərinə və digər şəxslərə qarşı sanksiyaları nəzərdə tutur.

Rafi Müslümov

COP29