ABŞ Suriyada İŞİD-i bəhanə edərək, aralarında YPG-nin də olduğu müxalif qruplara 2018-ci il üçün 500 milyon dollar yardım ayırdığını rəsmi şəkildə etiraf edib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat yayılıb. ABŞ İŞİD-lə mübarizəni bəhanə edərək, Suriya və İraqda terrorçulara verdiyi dəstəyi 2018-ci ildə də davam etdirəcək.
Yayımlanan sənəddən məlum olur ki, ABŞ xüsusilə Suriyadakı qruplara yardım etməyi planlaşdırır. Onlar konkret bir ad çəkməmək üçün dəstəklədikləri qrupları ümumi şəkildə “Vetted Syrian opposition” (qəbul edilmiş müxalifət) adlandırıblar.
“Suriya Demokratik Gücləri” ifadəsinin də bir dəfə işlədildiyi sənəddə 30 min nəfərlik birliyin ABŞ tərəfindən dəstəklənəcəyi bildirilib. Hazırda Suriya Ərəb koalisiyası da daxil olmaqla 25 minlik birləşmə mövcuddur. 2018-ci ildə isə bu birləşməyə daha 5000 nəfərin əlavə olunması planlaşdırılır. Beləliklə, ABŞ bu birliyin silahlandırılmasi, təlimlərin keçirilməsi və digər xərclər üçün ümumilikdə 500 milyon dollarlıq büdcə ayırıb.
Bu vəsait müvafiq olaraq belə bölünüb:
– Silahlar – 104 202 800 dollar;
-Hərbi sursat – 157 657 500 dollar;
– Zirehli maşın – 26 927 900
– Digər vasitələr – 104 495 650;
– Həyat üçün vacib ləvazimatlar – 6 100 000 dollar;
– Rabitə və logistika – 40 000 000 dollar
Sənəddə ən diqqətçəkən maddələr isə əməliyyat zamanı və fövqəladə ehtiyaclar yarandıqda həyata keçiriləcək işlər olub. Həmçinin qeyd olunub ki 2018-ci ildə dəstəklənən ünsürlərə ümumilikdə 21 600 000 dollar maaş ödənəcək. Bundan əlavə, “kəllə başına mükafat” üçün 2 000 000 dollar nəzərdə tutulub.