“Amerikada Fələstinə dəstək aksiyalarında baş verən polis zorakılıqlarında təəccüblü heç nə yoxdur. Çünki bu gün təkcə ABŞ həbsxanalarında ən müxtəlif ittihamlarla həbs olunan şəxslərin hansı irqi təmsil etdiyinə nəzərə yetirsək, Birləşmiş Ştatlar haqqında nəticə çıxarmaq mümkündür”.
Bu sözləri Yenicag.az-a açqılamasında Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHDP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.
O, ABŞ-də Fələstinə dəstək məqsədilə keçirilən dinc aksiyalarda baş verən polis zorakılıqlarından söz açıb.
E. Mirzəbəylinin sözlərinə görə, bu gün ABŞ-də həbs olunan qaradərililərin sayı digər irq təmsilçilərinin sayından çoxdur ki, bu da ABŞ-dəki irqçilik və ksenofobiyanın bariz nümunəsidir.
“Eyni zamanda, polis zorakılığı ilə bağlı ilə bəlli olduğu kimi, biz qaradərili vətəndaşların etirazlarının şahidi oluruq. Eləcə də silahsız şəxslərin qətlə yetirildiyini görürük. İndiki şəraitdə Fələstinlə bağlı dinc nümayiş keçirən şəxslərə qarşı bu qəddarlıq, əslində, Birləşmiş Ştatlardakı insan hüquq və azadlıqlarına olan münasibətin göstəricisi kimi dəyərləndirilməlidir. Reallıq bundan ibarətdir”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, qlobal miqyasda ABŞ necə ki insan hüquq və azadlıqlarına öz maraqları kontekstindən yanaşırsa, daxili siyasətdə də eyni yanaşmanı sərgiləyir.
Xatırladaq ki, ABŞ-nin Nyu-York şəhərində başlayan Fələstin dəstəkli etirazlar ABŞ-ın bir çox universitetlərinə də sirayət edib. Belə ki, keçən həftə Kolumbiya Universitetində 100-dən çox nümayişçinin saxlanılmasından sonra etirazlar Vaşinqtondakı Corc Vaşinqton Universiteti, Emori Universiteti, Bostondakı Emerson Kolleci, Los Ancelesdəki Cənubi Kaliforniya Universiteti və Ostindəki Texas Universiteti də daxil olmaqla bir çox universitetə yayılıb.
Qeyd edək ki, ABŞ polisinin tələbələrə qarşı sərt müdaxiləsinə reaksiyalar olsa da, etirazların yayıldığı qurumlardan biri olan İndiana Universitetindən qan donduran görüntülər yayılıb. Fələstin tərəfdarı etirazların keçirildiyi İndiana Universitetinin binasının damında amerikalı snayperin yerləşdirildiyi görüntülənib.
Etirazçılar ABŞ-ın Emori Universitetindəki müharibə əleyhinə etiraz aksiyasında polisin bir qadın professoru yerə yıxaraq, ona qarşı xüsusi zorakılıq etdiyi, digər nümayişçinin isə döyülməsinə görə polisi amansız güc tətbiqində ittiham edib.
Sözdə insan haqları və demokratiyadan dəm vuran Birləşmiş Ştatların daxilində baş verən şiddətli polis zorakılıqları isə yerli media ilə yanaşı dünya KİV-nin gündəmi olub.
Rafi Müslümov