ABŞ-də keçiriləcək prezident SEÇKİLƏRİ: Dünyanı gözləyən yeni münaqişələr və ya namizədlər nə vəd edirlər? – TƏHLİL

2024-cü il istər regional, istərsə də beynəlxalq siyasi arena üçün mühüm ildir: ABŞ-də növbəti prezident seçkiləri keçiriləcək. Əvvəla, bu prosesin niyə qlobal xarakterli mühüm hadisə olduğunu anlamaq lazımdır.

ABŞ supergüc kimi illərdir bu postu qoruyub saxlamağı bacarır. Səbəblər isə bir deyil, bir neçədir. Tarixə nəzər salsaq, ABŞ-nin I və II Dünya müharibələrindən sonra həm iqtisadi, həm də dünyanın yenidən qurulması prosesində aparıcı gücə sahib olduğunu görərik. Çünki bu müharibələr hər kəsdən çox məhz ABŞ-yə sərf etdi. Ərazisi hərbi sahəyə çevrilməyən, eyni zamanda, müharibə aparan dövlətlərə silah sataraq güclənən ABŞ çox qısa zaman kəsiyində dünyanın aparıcı ölkəsinə çevrilməyi bacardı.

Bu supergücü idarə edəcək yeni rəhbərin seçilməsi dünyanın siyasi və hərbi arenasına təsirsiz ötüşməyəcək. Çünki ABŞ-nin başına keçəcək şəxsin siyasi iradəsi təkcə ABŞ ilə yekunlaşmır.

Bildiyimiz kimi ABŞ-də prezident seçkiləri, demək olar ki, iki böyük partiya – Demokratlar və Respublikaçılar arasında keçirilir. Hazırda isə rəqabət Demokrat namizəd Co Bayden və Respublikaçı namizəd Donald Trampdır.

Təxminən bütün ABŞ prezidentlərinin öz siyasi konsepsiyaları olub və onları həyata keçirib, ya da keçirməyə can atıblar. Onlar arasında radikal çıxışlarla yadda qalanı isə keçmiş prezident və hazırda prezidentliyə namizəd olan Donald Trampdır.

Seçki prosesi çərçivəsində namizədlər öz təbliğatlarını aparır, ictimaiyyət arasında çıxışlar edərək ştatların xalını almağa çalışırlar. Tramp Baydenin çox yaşlı olduğunu əsas gətirir və bundan öz xeyrinə yararlanmağa çalışır. Tramp haqqında isə dünyanın gündəmini zəbt edən xəbərlər, yəqin ki, yaddaşlardan silinməyib. Bəli, cinayət ittihamı.

Seçki prosesinə təsir edəcək amillərdən biri də məhz budur. Tramp 4 ayrı məhkəmə işi üzrə 91 cinayət ittihamı ilə qarşı-qarşıyadır. Lakin bu belə onun prezident seçilməsi üçün maneə deyil. Digər amillər isə namizədlərin səhhətində yarana biləcək ciddi problemlər və beynəlxalq münaqişələrin daha da şiddətlənməsidir.

Namizədlərin ikisi də yaşlıdır. Bayden 82, Tramp isə 78 yaşındadır. Ancaq ABŞ Konstitusiyasında maraqlı məqam var. Ölü olsan belə, namizəd ola bilərsən. Misal üçün, 2000-ci ildə namizədliyini irəli sürən Mel Karnahan ABŞ Senatına seçki kampaniyasına gedərkən təyyarə qəzasında həyatını itirdi, lakin həyat yoldaşı Jean 2002-ci ildə növbədənkənar seçki keçirilənə qədər onun vəzifəsini icra etdi.

Beynəlxalq münaqişələrin daha da şiddətlənməsi birbaşa olaraq Bayden hakimiyyətinin əleyhinədir. Çünki ABŞ-nin istər Yaxın Şərqdəki Fələstin-İsrail müharibəsi, istər Asiyadakı Çin-Tayvan gərginliyi, istərsə də Rusiya-Ukrayna müharibəsində dolayı yolla əli var. ABŞ-də əhali ölkələrinin adının müharibələrdə və münaqişələrdə hallanmasını istəmədiyi üçün Bayden hakimiyyəti müəyyən qədər təhlükədədir. Tramp isə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri bu münaqişəni cəmi bir günə dayandıraca biləcəyini iddia edir: Nəticənin Ukraynanın lehinə həll olunmayacağı açıq-aşkar hər kəsə məlumdur.

Seçkilərin yekun ehtimalına gəldikdə isə ABŞ anlıq olaraq namizədlərin hansı ştatdan nə qədər səs topladığını onlayn olaraq ictimaiyyətə nümayiş etdirir. “Exit poll”a nəzər yetirdikdə hələ ki Trampın Baydendən daha çox səs topladığı görünür. Yekun nəticə və ehtimalların özünü nə qədər doğruladacağı isə yaxın aylarda müşahidə ediləcək.

Nəsimi Ələsgərli

COP29