ABŞ-də münaqişə ehtimalı – Kapitol üsyanı təkrarlana bilər

“Tramp və Bayden tərəfdarları ikiyə bölünüb. Yəni qruplar arası münaqişə ehtimalı çox yüksəkdir”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələri barədə perspektivləri qiymətləndirən amerikalı politoloq Aleksandr Çohen deyib.

Onun sözlərinə görə, bu ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra 6 yanvar 2021-ci ildə olduğu Kapitol üsyanı kimi, yaxud daha pisi təkrarlana bilər.

“Dörd il əvvəl, 2020-ci il prezident seçkilərindəki məğlubiyyətini aradan qaldırmaq üçün Donald Tramp və tərəfdarları nəticələrə qəzəblə etiraz etdilər. Əlavə olaraq, 63 məhkəmə iddiası qaldırıb, doqquz ştatda səslərin hesablanması, seçki prosesi və sertifikatlaşdırma standartlarını gözdən salmağa cəhd edən addımlar atıblar. Lakin bu cəhdlərin heç biri uğurlu alınmadı. 2020-ci il seçkilərinin “saxta” olduğunu israr etməyə davam edən Tramp eyni halın 2024-cü ildə təkrarlanacağını proqnozlaşdırır”, – deyə o əlavə edib.

Çohenin sözlərinə görə, müstəqil sorğu təşkilatı PRRI tərəfindən 2023-cü ilin sentyabrında aparılan sorğu göstərdi ki, amerikalıların 32%-i 2020-ci il seçkilərinin oğurlandığına inanır.

“Bir çox Amerika vətəndaşı heç bir halda Trampın ədalətli seçkidə uduzacağına inanmır. Hazırda isə amerikalıların 75%-i 2024-cü il seçkilərində Amerika demokratiyasının risk altında olduğuna inanır. Bu müstəvidə Tramp və Bayden tərəfdarları ikiyə bölünüb. Yəni qruplar arası münaqişə ehtimalı çox yüksəkdir. Qorxulu ssenari isə belə münaqişənin qarşısının alınması üçün çox az şey edilə biləcəyidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29