Donald Tramp ABŞ prezidenti kimi fəaliyyətə başladıqdan dərhal sonra andiçmə mərasimində bu sözləri səsləndirdi: “Amerikanın qızıl dövrü indi başlayır.” Təxminən bir saat yarım davam edən andiçmə mərasimi 1985-ci ildən bəri ilk dəfə hava şəraitinə görə Kapitoliya binasının önündə deyil, məhz binanın daxilində baş tutdu. Vaşinqtonda andiçmə zamanı temperatur mənfi 5 dərəcə idi.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Kapitoliya binasının dairəvi zalında Tramp and içdikdən sonra proqram nitqi ilə çıxış etdi və dərhal bir sıra “tarixi” sərəncamlar imzalayacağını bəyan etdi. İlk sərəncam, qanunsuz immiqrasiya ilə mübarizə mövzusunda idi.
KİV vurğulayıb ki, Tramp həmin gün bəzi məqamlara da toxundu: “Cənub sərhədimizdə fövqəladə vəziyyət elan edəcəyəm. Qanunsuz miqrantların axını dərhal dayandırılacaq, qanunsuz şəkildə ölkəyə daxil olmuş milyonlarla cinayətkar əcnəbinin öz ölkələrinə qaytarılması prosesi başlayacaq. “Meksikada qal” adlı siyasətim yenidən qüvvəyə minəcək və sərhədimizdə baş verən fəlakətli basqını dayandırmaq üçün ordu göndərəcəyəm”.
Nəşr xatırladıb ki, Tramp çıxışında əlavə olaraq ABŞ-da yalnız iki cinsin – kişi və qadın – mövcud olduğunu vurğulayıb. O, prezidentlikdən əvvəl də cinsi azlıqlara qarşı çıxaraq, onları ABŞ ordusunda xidmət etməkdən uzaqlaşdırmışdı.
Siyasi şərhçi Viqen Hakobyan isə qəzetlə söhbətində Trampın çıxışını belə şərh edib:
“Trampın çıxışı yeni administrasiyanın əsas prioritetlərini müəyyənləşdirdi. ABŞ-də hakimiyyətə antiqlobalist qüvvələr gəlib. Çıxışında Tramp dəyərlər üzərində qurulmuş siyasətə üstünlük verəcəyini vurğuladı. Xarici siyasətdə əsas mesaj, ABŞ-nin maraqlarına uyğun olmayan dövlətləri maliyyələşdirməyəcəyinə dair idi. Bu, böyük ehtimalla, Ukraynaya da aiddir. Tramp ABŞ-nin resurslarını yalnız öz maraqlarına xidmət edən layihələrə yönəldəcək”.
Hakobyan əlavə edib ki, Trampın çıxışı təkcə ABŞ daxili siyasətinə deyil, həm də dünya siyasətinə təsir edəcək:
“O, narkokartelləri terror təşkilatları ilə eyniləşdirdi və onların məhv ediləcəyini bildirdi. Tramp liberal hərəkətləri maliyyələşdirməkdən də imtina edəcəyini açıqladı. Bu siyasət, Trampın “Amerika amerikalılar üçündür” yanaşmasının əsasını təşkil edir. Bu, həm də ABŞ-nin ənənəvi dəyərlərinə qayıdışın göstəricisidir”.
Sonda analitik onu da vurğulayıb ki, Trampın çıxışı ABŞ-nin yeni administrasiyasının qlobal siyasətdən daha çox regional problemlərə fokuslanacağını göstərir:
“O, Avropa və Ukrayna məsələlərindən danışmamaqla ABŞ-nin prioritetlərini Amerika qitəsinə yönəltmək niyyətində olduğunu da ortaya qoydu”.
Rafi Müslümov