Nebraskada anadan olan 60 yaşlı siyasətçi Tim Uolts Minnesota ştatının qubernatorudur. Onun özünü də bəzən “yelləncək namizəd” adlandırırlar.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalının “Demokratların yeni vitse-prezidentliyə namizədi olan Tim Uolts kimdir?” adlı məqaləsində qeyd olunub.
Kanal yazır ki, əvvəllər İraq müharibəsinə müdaxiləyə səs verən və oraya pul ayrılmasını dəstəkləyən Uolts daha sonra etirazlar fonunda İraqa müdaxiləyə qarşı çıxmağa başladı.
“Həmçinin Uolts radikal İsrail mövqeyi sərgiləsə də, Minnesotada müsəlmanların kəskin etirazından sonra balanslı davranmağa və mötədilləşməyə başlayıb. Hər iki valideyni katolik olsa da, o özü lüterandır. Bir sözlə, ağ protestantlığa yaxın birisidir. Uolts Kamala Harrisin vitse-prezidentliyinə namizədlər arasında autsayder idi, buna baxmayaraq, K.Harris məhz onu seçdi. Pensilvaniya qubernatoru Coş Şapironun seçilməsinə əsas maneə isə Demokratların sol qanadı və proqressiv-sosialist gənclik, habelə İsrailə nifrət edən universitet tələbə camiəsidir”, – deyə qeyd edilir.
Məlumata görə, digər vitse-prezidentliyə əsas namizəd olan keçmiş astronavt və iş adamı Mark Edvard Kellinin isə həmin dövrdə yaratdığı stratosferə uçan şar şirkətində Çinlə əlaqələr ittihamı yekunda K.Harrisin onun üzərində dayanmaqdan çəkindirdi.
“Uoltsun mümkün seçimində onun Orta Qərb (“Midwest”) regionundan olması, daha sonra keçmiş qvardiyada xidmət etməsi, eləcə də ağ protestant olması və “yelləncək ştatlar”dan olması əsas rol oynayıb. Deyə bilərik ki, K.Harris məhz Donald Trampın vitse-prezidentliyə namizədi olan Ceyms Devid Vensin “seçki hovuzu”na və doğma məkanına müdaxilə etməklə, bu bölgəni əsas hədəf elan etdi”, məlumatda bildirilib.
Rafi Müslümov