Prezident seçkilərinə hazırlaşan ABŞ-də 2021-ci ildə Konqres basqınının təkrarlanmaması üçün təhlükəsizlik tədbirləri artırılacaq.
Yenicag.az xəbər verir ki, ABŞ Məxfi Xidməti 6 yanvar 2021-ci ildə Amerika demokratiyasının gedişatı ilə bağlı müzakirələrin mərkəzinə çevrilən Konqres basqınının təkrarlanmaması üçün təhlükəsizliyin tədbirlərinin artırılacağını bəyan edib.
“Washington Post” qəzetinin xəbərinə görə, 5 noyabrda keçiriləcək prezident seçkilərindən sonra Konqres seçkilərin nəticələrini qeydə almaq üçün 6 yanvar 2025-ci ildə toplanacaq. ABŞ Gizli Xidmətinin Xüsusi Mühafizə Bölməsinə cavabdeh olan agent Erik Ranaqan bəyan edib ki, 2021-ci il yanvarın 6-da Konqresə basqının təkrarlanmaması üçün 2025-ci il yanvarın 6-da təhlükəsizlik tədbirləri artırılacaq.
ABŞ Kapitolinin qorunmasına cavabdeh olan polis rəisi J. Thomas Maqner də mümkün təhlükəyə necə cavab veriləcəyini müəyyən etmək üçün Milli Qvardiya ilə koordinasiya etdiyini bildirib. Maqnerr Konqres binasında 2200 polisin keşik çəkəcəyini və bu rəqəmin 4 il əvvəlki ilə müqayisədə 250 artdığını bildirib.
Lazım gələrsə, minlərlə polis məmurunun dəstək üçün səfərbər edilməsinin planlaşdırıldığını vurğulayan Maqner daha yaxşı əməliyyat planının olduğunu deyib.
4 il əvvəl Konqresin reydi zamanı Milli Qvardiyanın səfərbər edilməsində bürokratik gecikmələr olub. Bildirilib ki, indi Maqnerin tələbi ilə Milli Qvardiya daha tez hərəkətə keçə bilər.
Mümkün təhlükələrə qarşı görülməli olan tədbirlərə Kapitolinin məftilli hasarlarla əhatə olunması, Milli Qvardiyanın çağırılması və paytaxtda xidmət üçün əlavə polis əməkdaşlarının təyin edilməsi daxildir.
Xatırladaq ki, ABŞ-də ifrat sağçı qruplar və keçmiş prezident Donald Trampın tərəfdarları 3 noyabr 2020-ci il prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün 6 yanvar 2021-ci ildə sessiyanın keçirildiyi Konqresin binasına basqın ediblər.
Basqın zamanı biri polis məmuru olmaqla 5 nəfər ölüb. Basqına görə ictimai üsyana təhrik etdiyinə görə impiçment üçün mühakimə olunan Tramp 2021-ci ilin fevralında Senatda keçirilən səsvermədə bəraət qazanıb.
Nəsimi Ələsgərli