“Mən bu fikirlə razı deyiləm ki, ABŞ məhz indi sülhə daha çox önəm verir, nəinki daha əvvəlki illərdə. Yəni bundan sanki belə bir fikir hasil olur ki, guya ABŞ daha əvvəl müharibə istəyirdi, yaxud müharibələri sövq edirdi, indi isə əksinə, sülh istəyir. Bu, belə deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Siyasi Menecment İnstitutunun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.
O, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Azərbaycan və Ermənistana arasında yekun sülh sazişinin imzalanması barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
A. Qasımlı əlavə edib ki. ABŞ rəsmiləri heç bir zaman “müharibə olmalıdır” deyə fikir söyləməyiblər və yaxud da bölgədə müharibəyə can atmayıblar.
“Hansısa başqa bir bölgədə də bilmirəm ki, onlar müharibəyə can atsınlar. Ümumiyyətlə, ABŞ-nin xarici siyasət konsepsiyasında bu yoxdur. Düzdür, vaxtilə Vyetnam müharibəsi və sair olub, amma indi bu, tarixdə qalıb. Yeri gəlmişkən, ABŞ-nin öz daxilində də bu ciddi və öz qiymətini alıbdır.
O ki qaldı sülhə, ABŞ, əlbəttə ki, bölgədə sülh istəyir. Niyə sülh istəyir? Çünki başa düşür ki, bölgədə sülh olsa, bu ölkələr inkişaf edəcəklər, onlar bir-biri ilə vuruşmayacaqsa, dünya iqtisadiyyatına açılacaqlar, dünya iqtisadiyyatının bir parçası olacaqlar, alış-veriş olacaq aralarında, müstəqillikləri daha da artacaq, daha da güclənəcək və Rusiyanın nəzarətindən çıxacaqlar, ilk növbədə də Cənubi Qafqaz”.
“Konkret Cənubi Qafqaza gəlincə, hazırda ABŞ istəyir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Bunun yanında da təbii ki, müharibə olmasın. Çünki müharibə olacaqsa, bu o deməkdir ki, Rusiya bu bölgədə daha da güclənəcək, regionda həm Azərbaycan, həm Ermənistanı, gələcəkdə də təbii ki, Gürcüstana təsir edəcək. Bunu ABŞ-də çox gözəl başa düşürlər. O’Braynın noyabr ayında Bakıya gəlişi, Prezident İlham Əliyevlə görüşü, o cümlədən də indiki gəlişi məhz buna bağlıdır. Yəni ABŞ hər şey edir ki, Ermənistanla Azərbaycan arasında müharibə olmasın.
Çindən və yaxud Asiyadan gələn malların bizim bölgədə daşınması məsələsinə gəldikdə isə bu da yeni bir fikir deyil. Yəni bu variantlardan birisidir. Məsələ burasındadır ki, Rusiyanı kənarda qoymaqla Çindən, yaxud Hindistandan, Asiya mallarının Avropa və dünya bazarına çıxarılması üçün fərqli proyektlər və yaxud yollar var ki, Cənubi Qafqazda bu yollardan birisidir. Bu prosesdə həm Azərbaycan, sözsüz ki, həm Ermənistan, həm də Gürcüstan iştirak edir və təbii ki, Orta Asiya vasitəsilə, sözsüz ki, bu olacaq. Bu nöqteyi-nəzərdən bir daha qayıdırıq sülh məsələsinə, çünki sülh çox vacibdir, çox önəmlidir”, – deyə o, qeyd edib.
A.Qasımlının fikrincə, Rusiya istəyir ki, bütün bu yollar – Zəngəzur dəhlizi onun nəzarətində olsun:
“Moskva istəyir ki, Çindən gələn mallar məhz onun nəzarəti altında Avropa və dünya bazarına getsin və yaxud elə bir dəhliz əldə etsin ki, qeyri-qanuni olaraq sanksiyadan kənar hansısa malların Rusiyaya girişi daha da asanlaşsın. Qərb ölkələri və yaxud ABŞ bunu çox gözəl başa düşürlər və Vaşinqtonda anlayırlar ki, hazırda yaxşı bir şans yaranıb ki, Ermənistanı Rusiyanın caynağından qurtara bilsinlər, Rusiyanın nəzarətindən çıxarsınlar. Amma bunun üçün ilkin şərt odur ki, Ermənistanla Azərbaycan arasında müharibə olmasın”.
Onun sözlərinə görə, Qarabağın Azərbaycana aid olması, Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsində, ilk növbədə, ABŞ ciddi rol oynayıb:
“Yəni bunu Rusiya, yaxud başqa kimsə etməyib. Bunu məhz ABŞ-nin təsiri və yaxud istəyi çərçivəsində Ermənistan bu addımı atıb. Ona görə yeni sülh məsələsi ABŞ-nin hər zaman gündəmdə olub və yeni bir amil deyil. Bu gün müəyyən risklər var ki, sülh pozulacaq və nəinki sülh sazişi imzalanmayacaq. Hətta bizim mediada çox yazılır, çox təbliğ olunur ki, üçüncü Qarabağ müharibəsi belə ola bilər. Yəni proseslər bu yöndə cərəyan edir və bunun qarşısını almaq üçün də hazırda gördüyüm odur ki, həm Qərb, həm ABŞ aktiv diplomatik həmlələr etməkdədir və Cənubi Qafqaz bölgəsində öz aktivliyini artırmaqdadır. Bu da ümumən müsbətdir. Hesab edirəm ki, bu məsələ həm Azərbaycanın milli maraqlarına, həm də bölgənin maraqlarına tam uyğundur”.
Rafi Müslümov