ABŞ Dövlət departamenti: Münaqişə yalnız danışıqlar və ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər
Münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.
Bu barədə ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-sı brifinqdə deyib.
Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları əvvəlki kimi iyulun 4-də Dağlıq Qarabağ Münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakin, o cümlədən 2 yaşlı uşağın, həlak olmasından dərin narahatdır:
“Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz bu qurbanların ailələrinə dərin hüznlə səmimi başsağlığımızı bildirmək istərdik”, – deyə o qeyd edib.
Hizer Nauer bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar prosesini bərpa etməyə çağırır.
“Bizim bu region üzrə siyasətimiz açıq-aydındır: Münaqişə, gücdən istifadə etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə sadiq beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə həll oluna bilər”, deyə ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi qeyd edib.