ABŞ dövlət katibi Entoni Blinken fevralın 20-də Türkiyəyə səfər edəcək.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
“Səfər zəlzələlərdən əvvəl planlaşdırılıb. Planlaşdırıldığı kimi, Blinken bazar günü fəlakət bölgəsinə gələcək, bazar ertəsi isə onunla danışıqlar aparacağıq. Görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzv qəbul olunması prosesini mütləq müzakirə edəcəyik”, – Çavuşoğlu bildirib.
Tərəflər həmçinin Ukrayna münaqişəsi ətrafında vəziyyəti müzakirə etmək niyyətindədirlər.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstana rəsmi səfərlər edəcək. O, Almaniyada Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək, Ukraynaya gələcək dəstək, Türkiyə və Suriyaya yardım məsələlərini müzakirə etmək üçün bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək. Fevralın 19-da dövlət katibi Türkiyədəki İncirlik aviabazasına baş çəkəcək və orada ABŞ-ın zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində göstərdiyi yardım prosesinə nəzarət edəcək. Daha sonra Ankaraya səfər edəcək, burada xarici işlər naziri Çavuşoğlu və digər dövlət rəsmiləri ilə görüşərək Türkiyəyə gələcək yardım və NATO çərçivəsində əməkdaşlığı müzakirə edəcək. /report/