ABŞ dövlət katibi Pompeodan Türkiyəyə “tibbi yardım” təşəkkürü

“Amerika xalqı dostluğunuz, tərəfdaşlığınız və dəstəyiniz üçün sizə minnətdardır”.

Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo yeni növ koronavirus (COVID-19) ilə mübarizə çərçivəsində göstərdiyi tibbi ləvazimat yardımına görə Türkiyəyə təşəkkür edərkən deyib.

Pompeo Türkiyənin ABŞ-a göndərdiyi tibbi yardımı daşıyan hərbi yük təyyarəsinin Vaşinqton yaxınlığındakı Endrüs aerodromuna enməsi zamanı çəkilən fotonu “Twitter” səhifəsində paylaşıb.

“Böhranlı vaxtlarda NATO müttəfiqləri bir yerdə olmalıdır. Pandemiyanın ən çox özünü göstərdiyi regionlarda COVID-19 ilə mübarizəmizə kömək etməsi məqsədilə tibbi ləvazimat və qoruyucu vasitələr məsələsində səxavətli yardımı üçün Türkiyəyə təşəkkür edirik. Amerika xalqı dostluğunuz, tərəfdaşlığınız və dəstəyiniz üçün sizə minnətdardır” – mesajda deyilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə ABŞ-a göndərilən Türk Silahlı Qüvvələrinə aid yük təyyarəsi Türkiyə saatı ilə 00:30-da Endrüs aerodromuna eniş edib.

Yardım bağlamalarında 500 min maska, 400 min önlük, 2 min litr dezinfeksiyaedici məhlul, 500 ədəd qoruyucu, 400 ədəd N95 tipli maska, 1500 ədəd qoruyucu eynək olduğu bildirilib.

Pandemiyanın ən çox özünü göstərdiyi ölkə olan ABŞ-da 1 milyondan çox insana COVID-19 diaqnozu qoyulub, 57 mindən çox insan virus səbəbiylə həyatını itirib.